Advertisement

Böyük komandalarda oynamaq alınmadı – Comərd Baxşəliyev

Bakı. Trend:

Minifutbol Liqasında “Real Bakı”nın, futbol üzrə II Liqada “Baku
Sportinq”in və çimərlik futbolu üzrə Azərbaycan milli komandasının
oyunçusu Comərd Baxşəliyevin İdman.biz-ə müsahibəsi

– Böyük futbolla yanaşı, minifutbol və çimərlik futbolu
ilə məşqul olursunuz. “Bir əldə 3 qarpız tutmaq” çətin
deyil?

– Sentyabrdan çimərlik futbolu ilə məşqul olmuruq. Çünki mövsüm
dayanıb, məşqlərimiz hələ bərpa olunmayıb. Ona görə digər növlərə
yönlənmişəm. Əsas işim II Liqada çıxış edən “Baku Sportinq”
klubundadır. Onlarla ilboyu məşqlərimiz olub. Minifutbola sonradan
qoşulduq. Orda da həftədə 1 dəfə oyunlar olduğu üçün II Liqada
mübarizə aparan futbolçulara imkan yaranır ki, minifutbolla məşqul
olsunlar. Ona görə də həftədə 1 dəfə orada da oynayıram. Hər halda
bu, 1 əldə 3 qarpız tutmaq sayılmaz (gülür).

– “Baku Sportinq”lə çempion olduz. Qol vurub “Real
Bakı”nın AML-da bürünc medal görüşünə yollandınız. Arada qısa vaxt
var idi. Özünüzü oyuna necə çatdırdınız?

– Oyun qurtarandan sonra vaxtımız az idi. Amma özümüzü çatdıra
bildik. Tək mən deyildim. “Baku Sportinq”dən digər komanda
yoldaşlarım da var ki, AML-da oynayırlar. Mənə rəqib olanlar da var
idi. Hamımız birlikdə getdik və oyuna çox az vaxt qalmış özümüzü
çatdırdıq.

– Mövsümü 2 ayrı turnirdə medalla tamamladınız. Bir ildə
2 medal qazanmaq necə hissdir?

– “Baku Sportinq”də mövsümboyu çox çalışmışdıq. Məqsədimiz də
çempion olmaq idi. Şükürlər olsun ki, bunu bacardıq. Minifutbolda
da bürünc medal qazandıq. Bu da bir uğurdur. Heç bir idmançı
məqsədsiz çalışmır. Mənim də məqsədim mövsümü yüksək səviyyədə
bitirmək idi. Təbii ki, çox xoşbəxtəm.

– Böyük təcrübəyə maliksiniz. Əsasən aşağı liqalarda
oynamısız. Sizə Yüksək Liqada çıxışa nə mane olub?

– Karyeramın böyük bir hissəsini aşağı liqalarda oynamışam. Şans
belə gətirib, qismət belə olub ki, böyük komandalarda oynamaq
alınmadı. Maneələrdən biri aşağı liqada oynayırsansa, Premyer
Liqada oynayan klubların diqqət mərkəzinə düşmürsən. Həm də
divizionda oynaya-oynaya çimərlik futbolu ilə məşqul olurdum. 15
ildir bu növdə milli komandanın üzvüyəm. Özümü sırf çimərlik
futboluna köklədiyimi deyə bilərəm.

– 36 yaşınız var. Futbol ilə vidalaşmağı
düşünürsünüz?

– Hələ vidalaşmaq fikrim yoxdur. Özümü yaxşı hiss edirəm. Yeni
uğurlar qazanmaq istəyirəm. Ən azı daha 2 il oynamaq istəyirəm.