
Bakı. Trend:
Bu gün İran və Azərbaycan əlaqələri tarixində unudulmaz gün kimi
yadda qalacaq.
Trend-in məlumatına görə, bunu İranın energetika naziri Əli
Əkbər Mehrabian bu gün (19 may) “Xudafərin” hidroqovşağının
istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış
mərasimində deyib.
Onun sözlərinə görə, İran və Azərbaycan Araz çayı boyunca 420 km
uzunluğunda müştərək mənafeyə sahibdir. Bu çay ötən 50 il ərzində
iqtisadi, sosial və mədəni infrastrukturların inkişafı amili olub
və iki ölkənin əməkdaşlıq və dostluq simvolu hesab olunur.
“İki ölkə arasında müştərək tikililər 1 milyard dollardan çox
investisiya ilə ticarət və başqa regional əməkdaşlığın artması üçün
imkanlar yaradıb. “Qız Qalası” hidroqovşağı Araz su bəndindən 208
km və “Xudafərin” hidroqovaşğındn 12 km aralıda Araz çayı üzərində
iki ölkənin suyun tənzimlənməsi və elektrik istehsalı üçün
tənzimlənib”, – deyə o bildirib.
İranlı nazir deyib ki, “Qız Qalası” hidroqovşağı daşqınların
idarə olunması, quraqlıq şəraitində suyun tənzimlənməsi, ikitərəfli
öhdəliklərə uyğun sərhəd sularının bölünməsi, kənd təsərrüfatının
inkişaf etdirilməsi, ənənəvi kənd təsərrüfatının müasir kənd
təsərrüfatına çevrilməsi, çoxsaylı təbii və tarixi cazibəlikləri
nəzərə alaraq turizmin inkişaf etdirilməsi və ildə 540 gigavat
elektrik enerjisinin istehsal olunması kimi məqsədləri daşıyır.
Mehrabian qeyd edib ki, 600 milyon dollar dəyərində vəsaitin
xərclənməsi ilə “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının
təkmilləşdirilməsi ilə Araz çayı üzərində tikilən su bəndləri və
drenaj şəbəkələri istifadəyə veriləcək.
İranlı nazir “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının su
diplomatiyası və iki ölkənin həmrəyliyinin möhkəmlənməsi amili
adlandırıb.





























