
Bakı. Trend:
Mayın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
və İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi
Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət
sərhədində görüşüblər.
Trend xəbər verir ki, səmimi şəraitdə keçən görüşdə dövlət
başçıları söhbət etdilər.
Prezident Seyid İbrahim Rəisi:
Salaməleyküm.
Prezident İlham Əliyev: Əleykümsalam.
Prezident Seyid İbrahim Rəisi: Sizi görməyimə
məmnunam.
Prezident İlham Əliyev: Mən də çox şadam Sizi
görməyimə.
Prezident Seyid İbrahim Rəisi: Bu çox gözəl
yerdə bir-birimizi gördük.
Prezident İlham Əliyev: Tarixi bir görüşdür.
Bu, çox gözəl tədbirdir və inşallah, xeyirli olacaq.
Prezident Seyid İbrahim Rəisi: Cənab İlham
Əliyev, burada çox böyük bir iş görülüb. İnsafən deməliyik ki, bu,
bölgənin əhalisi üçün faydalı bir iş olacaq. Bu bəndin suyundan həm
içmək üçün, həm də kənd təsərrüfatı sahəsində istifadə ediləcək, o
cümlədən 40 min insan üçün burada iş yerləri yaranacaq. Bu su
bəndini inşa edən mühəndislər dünya səviyyəsində tanınmış
mühəndislərdir. Çünki İran dünyada su bəndi tikmək sahəsində ilk
dördlüyə daxil olan ölkələrdən biridir. Araz su bəndinin inşasından
50 il sonra bu bəndin tikilməsi ölkələrimiz arasında əlaqələri daha
da inkişaf etdirəcək. Bu su bəndi bizim aramızda çox gözəl işlərdən
biridir və arzumuz budur ki, gələcəkdə bu cür işlər çox olsun. Hər
halda, bu gün çox mübarək bir gündür.
Prezident İlham Əliyev: Mən Sizinlə tamamilə
razıyam. Bu bəndin Sizin tərəfdən inşası çox yüksək peşəkarlıqla
həyata keçirilib. Eyni zamanda, Arazın iki sahilini birləşdirən
gözəl bir rəmzi layihədir. Qeyd etdiyiniz kimi, suvarma, içməli su
təchizatı üçün, eyni zamanda, elektrik enerjisinin istehsalı
məqsədilə gələcəkdə inşa ediləcək elektrik stansiyalarının
fəaliyyətinin nəticəsində də çox böyük faydalar olacaq və bu,
bölgələrə qayıdacaq insanlar üçün böyük bir üstünlük verəcək. Mən
İran tərəfdə gözəl binaları görürəm, yaşayış məntəqələrini görürəm,
inşallah, yaxın gələcəkdə Arazın bu tayında da ona oxşar mənzərə
olacaq.
Prezident Seyid İbrahim Rəisi: Mütləq. Biz
Azərbaycanın uğurunu, nailiyyətini öz nailiyyətimiz bilirik. Bizim
Azərbaycanla münasibətlərimiz, bağlılığımız təkcə qonşuluq
bağlılığı deyil, aramızda qəlb bağlılığı, tarixi bir bağlılıq və
kök bağlılığı var. Bu, tarixi bir hadisə, yəni, iki ölkə, iki xalq
arasında tarixi bir hadisənin əsası olacaq və bu, tarixə də həkk
ediləcək.
Prezident İlham Əliyev: Biz ta qədimdən gələn
ulu əcdadlarımızın arzularını indi həyata keçiririk. Əminəm ki,
bundan sonra da iki qardaş xalq bir-biri ilə sıx təmasda yaşayacaq,
quracaq, belə gözəl xariqələr yaradacaq.
Prezident Seyid İbrahim Rəisi: Cənab Prezident,
mən buraya – bu bəndə gəlməmişdən qabaq Kəlalə-Ağbənd yoluna
baxdım. İşlər çox gözəl şəkildə həyata keçirilir. Bizim, yəni,
Azərbaycan ilə İran arasındakı əməkdaşlıqların nəticələri bu su
bəndi və eyni zamanda, o körpü və yoldur.
Prezident İlham Əliyev: Ağbənd istiqamətində
inşa edilən körpü həm növbəti nəqliyyat bağlantısıdır, eyni
zamanda, növbəti dostluq rəmzidir. Biz faktiki olaraq Şimal-Cənub
Nəqliyyat Dəhlizinin bir istiqamətini də Ağbənd istiqamətindən
salırıq. Mənə də bu yaxınlarda video, fotosənədlər göstərilmişdir,
gördüm ki, həqiqətən qısa müddət ərzində çox böyük işlər
görülüb.
Prezident Seyid İbrahim Rəisi: Mən gedib körpünün inşa olunduğu
əraziyə baxış keçirdim və orada gördüm ki, körpü ilə bağlı bir çox
işlər görülüb, eyni zamanda, körpünün ərazisində də torpaq
sahələrinin ayrılması istiqamətində də böyük uğurlar əldə edilib.
Hazırda 6 istiqamətdə işlər həyata keçirilir. Dostlarımız plan üzrə
belə proqnozlaşdırırlar ki, bu layihəni 36 aya başa çatdırsınlar.
Ancaq mən belə görürəm ki, işlər sürətlə davam edir, yəni, bu, tez
bir zamanda yekunlaşacaq.
Prezident İlham Əliyev: Mən qarşıya vəzifə
qoymuşam ki, gələn ilin sonuna qədər bitməlidir və orada da Sizinlə
bərabər gözəl bir mərasim keçirərik. Ondan sonra dəmir yolu körpüsü
də yəqin ki, razılaşdırılacaq.
Prezident Seyid İbrahim Rəisi: İnşallah.
Yaddaqalan bir an oldu. İnşallah hər iki dövlət və xalq üçün uğurlu
bir il olacaq.





























