
Bakı. Trend:
Azərbaycan Tacikistanın COP29-da iştirakını vacib hesab
edir.
Trend xəbər
verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda
keçirilən “Azərbaycan-Tacikistan” biznes forumunda deyib.
“Bildiyiniz kimi, BMT-nin növbəti iqlim konfransı olan COP29
noyabr ayında Bakıda keçiriləcək. Təbii ehtiyatlar Azərbaycan
iqtisadiyyatında mühüm rol oynamağa davam etsə də, ölkə ətraf
mühitin mühafizəsinə sadiqdir. Tacikistanlı həmkarlarımızın
əhəmiyyətinə və miqyasına görə bu unikal platformada iştirakını
vacib hesab edirik və onları bu tədbir münasibətilə yenidən Bakıya
səfərə dəvət edirik”, – nazir deyib.
Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə
Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu
ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar
COP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasında
qəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək
və 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.
BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim
sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci
ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində
imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun
ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir.
Konvensiyanın tərəfləri 198 ölkədir. Əgər tərəflərin fərqli
qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ci
ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində
yerləşir.
(Tərcümə: Rəna Əbdürəhmanova)



























