Advertisement

İranda helikopter faciəsinin əsas günahkarlarından biri ABŞ-dir – İranın sabiq xarici işlər naziri

Bakı. Trend:

İran prezidenti İbrahim Rəisi və onu müşayiət edən heyəti
Xudafərindən Təbrizə aparan helikopterin qəzaya uğraması faciəsinin
əsas günahkarlarından biri ABŞ-dir.

Trend-in məlumatına görə, bunu İranın sabiq xarici işlər naziri
Məhəmməd Cavad Zərif deyib.

Onun sözlərinə görə, Beynəlxalq Ədalət Məhkəməsinin qərarına
baxmayaraq ABŞ İrana təyyarə və hava nəqliyyatı ehtiyat
hissələrinin satışına sanksiya tətbiq edib.

Birləşmiş Ştatlar İran xalqının hava nəqliyyatının yaxşı
imkanlarından istifadə olunmasına imkan vermir. Bu isə ABŞ-nin İran
əleyhinə cinayətləri siyahısında qeydə alınacaq.

İranlı sabiq nazir qeyd edib ki, ötən gün İranda helikopter
qəzası ağır və acı hadisə idi. Ötən 45 il ərzində İran müxtəlif
dövrlərdə çətin şəraiti təcrübə edib. İran bu vəziyyətdən də
çıxacaq və vahid səslə və vahid hərəkətlə gələcəyə doğru
addımlayacaq.

Qeyd edək ki, 19 mayda İran prezidenti İbrahim Rəisi, xarici
işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz
üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşim, Şərqi Azərbaycan
vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan
helikopter vilayətin Vərzəqan rayonunda qəzaya uğrayıb. Qəza
nəticəsində 9 nəfər həlak olub.