Advertisement

ABB-nin Xankəndi filialı fəaliyyətə başladı

Bakı. Trend:

Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra Xankəndidə ilk
bank filialının açılışı olub. ABB-nin yeni yaradılmış Xankəndi
filialı müştərilərinə xidmət göstərməyə başlayıb. Bankın yeni
inkişaf konseptinə uyğun qurularaq müasir bankçılıq texnologiyaları
ilə təchiz edilən filial binası Xankəndi şəhərinin mərkəzində
yerləşir.

Qarabağda fəaliyyət göstərən bizneslərin, fərdi müştərilərin
universal maliyyə xidmətləri ilə bağlı bütün ehtiyaclarının təmin
edilməsi üçün burada hər cür şərait var. Müştərilər ABB-nin başqa
xidmət ofislərində olduğu kimi, Xankəndi filialında da müxtəlif növ
kredit, kassa-hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri,
ödəniş kartlarının sifarişi, nağd valyuta ilə əməliyyatlar və s. bu
kimi çeşidli xidmətlərdən faydalana bilərlər.

İşğaldan azad edildikdən sonra hazırda genişmiqyaslı
bərpa-quruculuq tədbirləri həyata keçirilən Qarabağın dirçəlişində,
regionda böyük iqtisadi layihələrin reallaşdırılmasında, o cümlədən
kiçik və orta biznesin inkişafında ABB-nin Xankəndi filialı mühüm
rol oynayacaq.

Bank Xankəndi filialını qurarkən maraqlı bir məqamı da diqqətdə
saxlayıb. Qarabağ və Şərqi Zəngəzurun yaşıl artım zonası elan
edilməsi nəzərə alınaraq Xankəndi filialının binası buna uyğun
qurulub. Binanın damında Günəş panelləri yerləşdirilib. Xankəndi
filialının fasadı və reklam lövhələri bərpa olunan enerji ilə
işıqlandırılacaq.

ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib:
“Bu ABB-nin 32 illik tarixinin ən mühüm hadisələrindəndir.
Həsrətini çəkdiyimiz torpaqlarımızda iqtisadiyyatımız dirçəlir,
Qarabağ, Şərqi Zəngəzur yaşıl artım zonası kimi həyatının yeni
dönəminə daxil olur. Qürur duyuruq ki, bu inkişaf prosesində ABB
olaraq biz də varıq və azad yurdlarımızın dirçəlişinə töhfələr
veririk”.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə
məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/
rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən,
həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.