Advertisement

Notariusların fəaliyyəti ilə bağlı yeni tələblər müəyyənləşdi

Bakı. Trend:

Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında notariat
hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ında
dəyişiklik edilib.

Trend xəbər verir ki, Baş
nazir Əli Əsədov bu barədə Qərar imzalayıb.

Qərara əsasən, notariuslar öz vəzifələrini yerinə yetirərkən
“Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və
terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və
“Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikasının
qanunları ilə müəyyən edilmiş hallarda və qaydada monitorinq
olunmalı əməliyyatlara dair, həmçinin hədəfli maliyyə
sanksiyalarının tətbiqi ilə əlaqədar məlumat və sənədlərin təqdim
edilməsi ilə bağlı tələblərə riayət etməli, bu sahədə Azərbaycan
Respublikasının normativ hüquqi və normativ xarakterli aktlarında
nəzərdə tutulmuş digər tədbirləri həyata keçirməlidirlər.

Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və
terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında”
Azərbaycan Respublikasının Qanununa əsasən müştəri uyğunluğu
tədbirlərinin tətbiqi mümkün deyilsə, hər hansı əməliyyat həyata
keçirilməməli, işgüzar münasibətlər yaradılmamalı, habelə işgüzar
münasibətlərə xitam verilməli və bu barədə maliyyə monitorinqi
orqanına məlumat verilməlidir.

Həmçinin, notariuslar “Hədəfli maliyyə sanksiyaları haqqında”
Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsində nəzərdə tutulan
aktivləri beynəlxalq və ölkədaxili siyahılar hədəfli maliyyə
sanksiyalarına dair internet informasiya ehtiyatında dərc edildiyi
vaxtdan təxirə salınmadan və həmin maddədə göstərilən şəxslərə
xəbərdarlıq etmədən dondurmalı və dərhal bu barədə Azərbaycan
Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə, habelə maliyyə
monitorinqi orqanına həmin internet informasiya ehtiyatı
vasitəsiləməlumat verməlidirlər.