Advertisement

ABŞ qarşıdan gələn prezident seçkilərində İran xalqının fundamental azadlıqlarını ifadə etmək hüququnu dəstəkləyəcək – Dövlət Departamenti

Bakı. Trend:

ABŞ qarşıdan gələn prezident seçkilərində İran xalqının
fundamental azadlıqlarını ifadə etmək hüququnu dəstəkləyəcək.

Trend-in bazar ertəsi verdiyi məlumata görə, bunu ABŞ Dövlət
Departamentinin sözçüsü Metyu Miller bu gün keçirdiyi brifinqdə
deyib.

“İran yeni prezident seçəcək və onlar bu prosesdən keçərkən biz
İran xalqının öz fundamental azadlıqlarını ifadə etmək hüququnu
dəstəkləyəcəyik. Biz bu azadlıqların təkrar-təkrar pozulduğunu
görürük və bu, təkcə səsvermə azadlığına deyil, həm də söz
azadlığına və digər fundamental azadlıqlara aiddir. Lazım gələrsə,
bu əməllərə görə məsuliyyət daşıyanların məsuliyyətə cəlb edilməsi
üçün tədbir görməkdən çəkinməyəcəyik”, – deyə o bildirib.

Qeyd edək ki, 19 mayda İran prezidenti İbrahim Rəisi, xarici
işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz
üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşim, Şərqi Azərbaycan
vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan
helikopter vilayətin Vərzəqan rayonunda qəzaya uğrayıb.

Qəza nəticəsində 9 nəfər həlak olub.

İranın Ali Lideri Ayətulla Seyid Əli Xamenei İran prezidenti və
onu müşayiət edən şəxslərin ölümü ilə əlaqədar verdiyi başsağlığı
müraciətində bildirib, ki gələn 50 gün ərzində İranda yeni
prezident seçilməlidir.

Onun sözlərinə görə, İran konstitusiyasının 131-ci maddəsinə
əsasən, İranın 1-ci vitse-prezidenti Məhəmməd Moxber prezidentin
vəzifəsini icra edəcək.

İranın Ali Lideri qeyd edib ki, 1-ci vitse-prezident, məhkəmə
sisteminin sədri və parlament sədri yeni prezident seçkilərinin
keçirilməsi üçün addımlar atmalıdır.