Advertisement

TAP nümayəndəsi aşağı karbonlu yanacağa keçiddə qaz kəmərinin rolundan danışıb

Bakı. Trend:

Trans-Adriatik Boru Kəmərinin (TAP) potensial olaraq tam
genişləndirilməsi Avropa İttifaqının (Aİ) dekarbonizasiya üzrə
hədəflərinin əldə olunmasına imkan yarada bilər.

Trend TAP-ın
sosial şəbəkədəki məlumatlarına istinadən xəbər verir ki, bu barədə
“TAP AG” şirkətinin xarici əlaqələr şöbəsinin rəhbəri Vüqar
Veysəlov Belqrad Enerji Forumunda çıxışında deyib.

“TAP aşağı karbonlu gələcəyə enerji keçidinin dayanıqlı əsasda
baş verməsini təmin etməyə çalışır. TAP-ın potensial olaraq tam
genişləndirilməsi Aİ-nin dekarbonizasiya üzrə hədəflərinin əldə
olunmasına kömək etməklə gələcəkdə yeni hidrogen həcmlərinin və
digər bərpa olunan qazların nəqlinə imkan yaradır”, – o deyib.

Onun sözlərinə görə, TAP enerji təchizatı ilə əlaqədar ciddi
problemlər dövründə Aİ-yə yeni mənbədən və alternativ marşritla qaz
tədarükünü təmin edən mühüm enerji infrastrukturuna çevrilib.

V.Veysəlovun fikrincə, Avropanın aşağı karbonlu gələcəyə keçidi
dövründə alternativ, təhlükəsiz, etibarlı və əlçatan enerji
təchizatının saxlanması rəqabət qabiliyyətinin qorunub saxlanması
üçün mütləqdir

Xatırladaq ki, Azərbaycan qazının Avropa İttifaqına (Aİ)
kommersiya tədarükü 31 dekabr 2020-ci ildə başladılıb.

Xatırladaq ki, Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan TAP
vasitəsilə hər il İtaliyaya səkkiz milyard kubmetr, Yunanıstan və
Bolqarıstanın hər birinə isə bir milyard kubmetr həcmində qaz nəql
olunur.

31 dekabr 2020-ci ildə Azərbaycan qazının Cənub Qaz Dəhlizi
vasitəsilə Avropaya nəqli başladılıb. Azərbaycan tarixdə ilk dəfə
öz təbii qazını boru kəmərləri ilə Avropa bazarına çıxarıb. Dünyada
təbii qazın ən iri idxalçısı olan Avropa bazarına birbaşa çıxışla
Azərbaycan öz ixrac imkanlarını şaxələndirib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun