
Bakı. Trend:
Ölkənin ən böyük özəl telekommunikasiya şirkəti Bakcell, Heydər
Əliyev adına Müasir Təhsil Kompleksinin (MTK) şagirdləri ilə
dinamik panel müzakirəsi keçirib.
“Təhsildə innovasiya və süni intellektin rolu” adlı paneldə
Bakcell-in Baş İcraçı Direktoru Klaus Müller, MTK-nın Baş İcraçı
Direktoru Aygün Mikayılova və məktəbin şagirdləri iştirak edib.
Tədbirin mövzusuna uyğun olaraq, müasir təhsildə innovasiya və
yüksək texnologiyaların rolu barədə maraqlı mövzular haqqında
danışılıb.
“Bu gün burada Azərbaycanın savadlı gəncləri ilə bir araya
gəlməkdən çox zövq aldım. İnnovasiyaları təmsil edən bir şirkət
kimi texnologiyaya maraq göstərən, gələcək yönümlü şagirdləri
görmək bizi sevindirir. Bizim gənclərlə bir çox ortaq cəhətimiz
var: bunlardan ən önəmlisi isə innovasiyaya sadiqliyimizdir.” deyə
Klaus Müller bildirib.
“Biz şagirdlərimizin akademik potensiallarını inkişaf etdirməklə
yanaşı, onların digər sahələrdə də istedadlarının aşkar edilməsi
üçün çalışırıq. İnnovasiya yönümlü şagirdlərimizin ən son texnoloji
yenilikləri Bakcell kimi şirkətdən əldə edə bilmələri bizim üçün
böyük uğurdur. Bugünkü maraqlı panel müzakirəsinə görə məktəbimiz
adından Bakcell rəhbərliyinə təşəkkürümüzü bildirirəm.” deyə Aygün
Mikayılova bildirib.
Şagirdlərlə görüşdə Bakcell-in süni intellekt dəstəkli humanoid
robotu Ardi də iştirak edib. Sual-cavab sessiyası ilə davam edən
panel müzakirəsində şagirdlər Bakcell-in rəhbər heyəti və Ardiyə öz
suallarını yönləndirərək, yeni texnologiyaların, süni intellektin
təhsilə tətbiqini müzakirə ediblər.
Sonda şirkətin rəhbər heyəti məktəbin STEAM laboratoriyasına baş
çəkib. Şagirdlərin qabaqcıl texnologiyalardan istifadə edərək
hazırladıqları layihələri və laboratoriyanın dövrün tələblərinə
uyğun təmin olunması Bakcell rəhbərliyinin diqqətini çəkib.


























