Advertisement

Hindistan vətəndaşlarını ABŞ-yə aparmaq adı ilə aldadan pakistanlı ələ keçib

Bakı. Trend:

Bakıda Hindistan vətəndaşlarını ABŞ-yə aparmaq adı altında
dələduzluq edərək aldadan pakistanlı saxlanılıb.

Bu barədə Trend-ə Daxili
İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, Bakı şəhərində polis əməkdaşları Azərbaycan
ərazisinə gəlmiş üç Hindistan vətəndaşına qarşı dələduzluq etməkdə
şübhəli bilinən Pakistan vətəndaşı 1993-cü il təvəllüdlü Shahid
Kamran Ali saxlanılıb.

O, guya zərərçəkənlərə Amerika Birləşmiş Ştatlarına getməkdə
köməklik edəcəyi vədini verərək onların maddi vəsaitini ələ
keçirib.

Shahid Kamran Alinin törətdiyi qanunazidd əməllər barəsində
araşdırmalar davam etdirilir. Onun hərəkətlərindən zərərçəkən başqa
şəxslər varsa, bu barədə polis orqanlarına məlumat verə
bilərlər.