
Bakı. Trend:
Azərbaycan Fotoqrafiya Federasiyası və Gilavar Foto Klubu
ictimai birliyinin təşəbbüsü, Gənclər və İdman Nazirliyi və
Azərbaycan Kamandan Oxatma Federasiyasının təşkilatçılığı ilə
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyi
münasibətilə fotoqraflar arasında kamandan oxatma üzrə yarış
keçirilib.
Mayın 19-da Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman
Akademiyasında təşkil olunan yarışda kişi və qadınlardan ibarət
50-dən artıq fotoqraf iştirak edib.
Kişilərin yarışında Ruslan Əlizadə birinci olub. Cəlal Firidunov
yarışı ikinci, Əliqulu Süleymanov isə üçüncü pillədə başa vurublar.
Qadınların mübarizəsində Nərmin Qurbanova bütün rəqiblərini
qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Sevinc
Aslanova və Zərrintac Vəlizadə ilk üçlükdə yer alıblar. Qaliblərə
medallar, diplomlar və olimpiya komplekslərinə ailəvi istirahət
paketləri təqdim olunub.
Qeyd edək ki, yarış Gənclər və İdman Nazirliyi ilə Gilavar Foto
Klubu İctimai Birliyinin birgə silsilə layihələri çərçivədə baş
tutub.





























