Advertisement

Bolqarıstan Azərbaycandan Aİ-yə qaz tədarüklərinin artırılmasında maraqlıdır – Nazirlik

Bakı. Trend:

Bolqarıstan Azərbaycandan Avropa İttifaqına (Aİ) qaz
tədarüklərinin artırılmasında maraqlıdır.

Bu barədə Trend-ə Bolqarıstanın Energetika Nazirliyindəki
mənbədən bildiriblər.

“Azərbaycan Bolqarıstanın strateji enerji tərəfdaşı və ölkəmizə
təbii qaz tədarüklərinin diversifikasiyasının vacib mənbəyidir. 1
oktyabr 2022-ci ildən etibarən Yunanıstan-Bolqarıstan
interkonnektorunun (IGB) istismarı sayəsində Bolqarıstan faktiki
olaraq Cənub Qaz Dəhlizi strateji infrastrukturunun ayrılmaz tərkib
hissəsinə çevrildi və bununla da təbii qaz mənbələrinin və Avropa
ölkələrinə tədarük marşrutlarının diversifikasiyasını gücləndirməyə
kömək etdi. Azərbaycandan Aİ-yə qaz tədarüklərini artırmaq üçün
şəraitin təmin olunması bizim üçün böyük maraq kəsb edir”, – deyə
mənbə bildirib.

O, Bolqarıstanın mövcud və yeni qaz yataqlarının işlənilməsinin
necə irəlilədiyini, eləcə də Azərbaycanda enerji sektorunun
böyüməsi ilə bağlı gözləntiləri müzakirə etməkdən məmnunluq
duyacağını əlavə edib.

“Bolqarıstan Azərbaycanla qaz tədarükləri sahəsində strateji
tərəfdaşlığın genişləndirilməsində maraqlıdır ki, bu da enerji
təhlükəsizliyi və diversifikasiya məqsədlərinin əldə edilməsində
mühüm faktordur. Tədarüklərin konkret həcmi təkcə Bolqarıstan
iqtisadiyyatı və istehlakçılarının deyil, qonşularımızın da
bazardakı marağından və tələbatından asılıdır. Biz Azərbaycanla
illər ərzində dərinləşən və yeni tərəfdaşlıq üçün üfüqlər açan
ikitərəfli əməkdaşlığımızı yüksək qiymətləndiririk. IGB-nin gücünün
5 milyard kubmetrədək artırılması planlaşdırılır”, – mənbə qeyd
edib.

Qeyd edək ki, Azərbaycan Cənub Qaz Dəhlizi ilə Avropaya qaz
tədarükünü 31 dekabr 2020-ci ildə başladıb. TAP dəhlizinin ilkin
buraxılış gücü 10 milyard kubmetr qaz təşkil edir. 2022-ci ilin
iyul ayında Azərbaycan və Aİ Cənub Qaz Dəhlizinin ötürücülük
qabiliyyətinin 2027-ci ilədək 20 milyard kubmetrədək artırılmasını
nəzərdə tutan Anlaşma Memorandumu imzalayıblar.

X: @Lyaman_Zeyn

(Tərcümə: Rəna Əbdürəhmanova)