
Bakı. Trend:
“Nizami Gəncəvinin Əlyazmalarının Vahid Kataloqu və Məlumat
Bazası” layihəsi elmi ictimaiyyətə təqdim edilib.
Trend xəbər verir ki, üçillik
icra müddəti olan layihənin məqsədi Nizami Gəncəvinin
əlyazmalarının sayı və dünyada yayılması haqqında dəqiq məlumat
toplamaq, bu əlyazmaların sayını, mənbələrini, həqiqiliyini və
keyfiyyətini sənədləşdirən vahid resurs yaratmaqdır.
Xatırladaq ki, 2022-ci il noyabrın 11-də Oksford Nizami Gəncəvi
Mərkəzində Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqunun və
məlumatlar bazasının yaradılması ilə bağlı layihə qəbul edilib.
Layihənin direktorları Oksford Universitetindən farsşünaslıq
professoru Edmund Herziq və Azərbaycandan M.V.Lomonosov adına
Moskva Dövlət Universitetinin (MDU) Bakı filialının rektoru,
AMEA-nın vitse prezidenti, akademik Nərgiz Paşayevadır. Onlar
layihənin öz ölkələrində işinə və ümumilikdə layihəyə nəzarəti
həyata keçirirlər.
Mayın 20-də Bakıda keçirilən dəyirmi masada Azərbaycan elmi
ictimaiyyətinin görkəmli nümayəndələri, Milli Elmlər
Akademiyasının, Bakı Dövlət Universitetinin alimləri, şərqşünas
mütəxəssislər iştirak ediblər.
Dəyirmi masada çıxış edən akademik Nərgiz Paşayeva 2013-cü ildən
fəaliyyətə başlayan Oksford Nizami Gəncəvi Mərkəzinin ötən müddət
ərzində həyata keçirdiyi tədbirlərə ümumi nəzər salıb. Qeyd edib
ki, artıq 2018-ci ildən Nizami Gəncəvi Elmi Mərkəzi Oksford
Universitetinin Şərqşünaslıq İnstitutunun tərkibində daimi
mövcudluq statusuna malikdir. Mərkəz ədəbiyyat, tərcüməçilik,
tarix, arxeologiya, tədris və mədəniyyət sahələrində fəaliyyətini
davam etdirir, əlbəttə ki, Nizami irsinin tədqiqi və təbliğində
xüsusi rola malikdir.
Akademik Nərgiz Paşayeva çıxışında, həmçinin Azərbaycanda mövcud
olan şərqşünaslıq məktəbinin ənənələrinə, görkəmli şərqşünas
alimlərin tədqiqatlar aparmasına toxunub və bu sahədə yeni
layihənin bu məktəbin ənənələrinin daha da gücləndirilməsinə və
möhkəmləndirilməsinə, gənc mütəxəssislərin fundamental
araşdırmalara cəlb edilməsinə imkan verdiyini söyləyib.
İngiltərəli professor: Nizami Gəncəvi Azərbaycanın böyük
şairidir
Dəyirmi masada çıxış edən professor Edmund Herziq bu layihənin
xüsusi maraq kəsb etdiyini vurğulayaraq deyib: “Bu, şair Nizami
Gəncəvi haqqında bir layihədir. Nizami Gəncəvi Azərbaycanın böyük
şairidir. Eyni zamanda, bu layihə çərçivəsində üç ölkənin – İran,
Azərbaycan və İngiltərənin alimləri bir araya gəliblər”.
O qeyd edib ki, vahid kataloq və onlayn məlumat bazası
yaradıldıqdan sonra bu məlumatlara çıxış bütün dünyadan mümkün
olacaq: “Nizami Gəncəvi təkcə bir ölkədə deyil, bütün dünyada
məşhur şairdir və onun əlyazmaları hamı üçün maraq kəsb edir.
Firdovsinin “Şahnamə”si və Nizaminin “Xəmsə”si dünyada ən çox
araşdırılan əsərlərdir. Nizaminin əlyazmalarının üzü şairin
vəfatından sonra köçürülərək Hindistana, Yaxın Şərq ölkələrinə
qədər dünyanın bütün məşhur kitabxanalarında öz yerini tapıb. Onun
anadan olduğu Gəncə bu baxımdan müstəsna rol oynayıb”.
Professorun sözlərinə görə, bu günə qədər Nizaminin
tədqiqatçıları və pərəstişkarları üçün çatışmayan bir məqam var
idi: “Bu məqam onun vahid kataloqunun olmaması və ya onun müasir
standartlarda olmaması idi. Digər tərəfdən, kağızın keyfiyyətinə,
cildlənmə məsələlərinə də indiyə qədər diqqət yetirilməmişdi. Bəzi
kataloqlar 100-150 il bundan əvvəl yazılıb. O zaman kataloqlaşdırma
yaxşı inkişaf etməmişdi. Biz bu işə başlamışıq. Yekun nəticədə
bizim üç dildə böyük bir kataloqumuz olacaq. Ondan sonra biz
kataloqun bütün dünyada əlçatanlığını təmin edəcəyik. Gələcəkdə
tərcüməçilərin daha etibarlı kataloqdan istifadə etmək imkanı
olacaq. Bu layihə mənim üçün çox dəyərlidir. Biz artıq bir neçə
ildir ki, bu məsələni Nərgiz xanımla günbəgün müzakirə edirik”.
Dəyirmi masada, həmçinin ABŞ Tulane Universitetinin Alman və
Slavyan Tədqiqatları şöbəsinin dosenti, müqayisəli
ədəbiyyatşünaslıq üzrə fəlsəfə doktoru (Harvard) Elio Brankaforte
layihənin əhəmiyyətindən danışıb, Nizami Gəncəvi yaradıcılığının
dünyada böyük maraq kəsb etdiyini vurğulayıb, eyni zamanda,
ümumiyyətlə Azərbaycan alimlərinin apardığı tədqiqatları yüksək
qiymətləndirib.
Beynəlxalq layihəyə üç ölkənin alimləri cəlb
edilib
Qeyd edək ki, layihənin tədqiqatçıları İrandan Böyük İslam
Ensiklopediyası Mərkəzinin professoru Mir-Ənsari, Azərbaycan Milli
Elmlər Akademiyasının Əlyazmalar İnstitutundan Nəsib Göyüşov və
Oksford Universitetinin Vadham Kollecindən Məhəmməd Emamidir.
Tədqiqat qrupu layihə direktorlarına rüblük hesabatlar verməli
və onlardan alınan məsləhətləri layihənin icrasında istifadə
etməlidirlər.
Professor Mir-Ənsari Tehran, Bakı və Oksfordda tədqiqat aparır,
əlyazmaları kodlaşdırır və kataloqlaşdırır. O, Bakı Dövlət
Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin seçilmiş
tələbələrinə MDU-nun Bakı filialında fars dili, kataloqlaşdırma
üzrə təlim keçib. O, həmçinin Əlyazmalar İnstitutunun işçilərinə
kodikologiya, kataloqlaşdırma, mövcud əlyazma kataloqlarından
istifadə və fars əlyazmalarından istifadə etmək üçün tədqiqat
metodları üzrə təlim keçib.
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Farsdilli
əlyazmaların tədqiqi şöbəsinin müdiri filologiya elmləri doktoru
Nəsib Göyüşov əlyazmaların nəzərdən keçirilməsində,
kodlaşdırılmasında və kataloqlaşdırılmasında iştirak edir, onları
Azərbaycan dilinə tərcümə edir. O, həmçinin rusdilli kitabxana
kataloqlarından məlumat əldə etməklə layihəyə öz töhfəsini
verir.
Mohammad Emami kataloq yazılarını fars dilindən ingilis dilinə
tərcümə edir, həmçinin, fars və ingilis dillərindəki sənədləri SDS
(Software Delivery Service Proqram təminatı xidməti) və ORA (Oxford
Research Archive) Oksford tədqiqat arxivinə yükləyir.
Qeyd olunub ki, Azərbaycandan qayıdandan sonra professor
Mir-Ənsari doktor Nəsib Göyüşova kataloqlanmış əlyazmalar haqqında
əsas məlumatları təqdim edərək əməkdaşlığı davam etdirir. Bundan
başqa, Mir-Ənsari Nizami Gəncəvinin əlyazmalarının
kataloqlaşdırılması və bununla bağlı fəaliyyətlərinə dair 4 hesabat
təqdim edib.
Dəyirmi masada layihə ilə bağlı müzakirələr də aparılıb.
Müzakirə çərçivəsində, filologiya elmləri doktoru Nəsib Göyüşov,
BDU-nun Şərqşünaslıq fakültəsinin Ərəb filologiyası kafedrasından
filologiya elmləri doktoru, professor Aida Qasımova, AMEA A.A.
Bakıxanov adına Tarix və Etnologiya İnstitutundan tarix elmləri
doktoru, dosent Nigar Gözəlova, ADA Universitetindən filologiya
elmləri doktoru, dosent Şəfəq Dadaşova, Məhəmməd Füzuli adına
Əlyazmalar İnstitutunun Farsdilli əlyazmaların tədqiqi şöbəsinin
aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Jalə Şükürova,
AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutundan tarix
elmləri doktoru, dosent Tofiq Nəcəfli, AMEA Məhəmməd Füzuli adına
Əlyazmalar İnstitutunun baş eksperti, Farsdilli əlyazmaların
tədqiqi şöbəsinin böyük elmi işçisi Mustafa Əliyev, Əlyazmalar
İnstitutunun direktoru akademik Teymur Kərimli, akademiklər Nizami
Cəfərov, Akif Əlizadə, BDU-nun Şərqşünaslıq fakültəsinin dekanı
filologiya üzrə fəlsəfə doktoru, dosent Aydan Xəndan, Filologiya
fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin
Məmmədov çıxış ediblər.
Qeyd olunub ki, Nizami Gəncəvinin əsərlərinin 4000-ə yaxın
əlyazması təqribən 600 il ərzində dəfələrlə köçürülərək Yaxın Şərq,
Cənubi və Orta Asiya, Qafqaz və Qərb ölkələrinin kitabxanalarına
geniş yayılıb. Vahid kataloqun yaradılması ona görə zəruridir ki,
mövcud məlumatlar dağınıq, köhnəlmişdir, onlar kodikoloji
təfərrüatları, mətni köçürənlərin qiymətli qeydlərini ehtiva etmir,
bəzən tarixi səhvlərə yol verir. Bundan başqa, bəzi mühüm
əlyazmalar şəxsi kolleksiyalarda olduğu üçün onların kataloqu
yoxdur.
Kataloq Azərbaycan, fars və ingilis dillərində nəşr
ediləcək
Nizami Gəncəvinin əsərlərinin vahid kataloqu ilkin olaraq
Oksford Universitetinin tədqiqat arxivində (ORA) fars və ingilis
dillərində məlumat bazası kimi yerləşdiriləcək və yeni nəticələr
mütəmadi olaraq oraya əlavə ediləcək.
Kataloq layihə tamamlandıqdan sonra Azərbaycan, fars və ingilis
dillərində kitab şəklində nəşr olunacaq.
Nizami əlyazmalarının tarixi və kodikologiyasına dair elmi
məqalələr hazırlanacaq.
Layihənin icrasında bu günə qədər əhəmiyyətli irəliləyiş əldə
olunub və bu iş uğurla davam edir.





























