
Bakı. Trend:
Bu gün Mehriban xanım Əliyevanın paylaşımını gördüm, çox sağ
olsun”.
Trend İdman.biz-ə istinadən
xəbər verir ki, bunu Azərbaycan millisinin cüdoçusu Hidayət
Heydərov (73 kq) Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma
mərasimində deyib.
O, BƏƏ-nin paytaxtı Abu-Dabidə keçirilən dünya çempionatındakı
uğurunu dəyərləndirib. 11 ildən sonra mundialda yığmamıza qızıl
medal qazandıran dördqat Avropa çempionu bildirib ki, Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın şəxsi
instaqram hesabında etdiyi paylaşım ona əlavə stimul verib: “Hər
şey üçün çox sağ olsunlar. Azərbaycan xalqının dəstəyini hiss
edirdim. Sevincimə mənimlə birgə şərik olduqları üçün azarkeşlərə
təşəkkür edirəm. Bu yolda mənə kömək olan Gənclər və İdman
Nazirliyinə, Azərbaycan Cüdo Federasiyasına, vitse-prezident Elnur
Məmmədliyə minnətdaram. Kömək oldular və dünya çempionu titulunu
qazandım. Qarşıdan Paris-2024 Yay Olimpiya Oyunları gəlir.
Olimpiadada da qızıl medal götürəcəm. Bu yarışa necə
hazırlaşmışdımsa, ora da elə hazırlaşacam. Sadəcə səbrli olub, hər
şeyi gözləmək lazımdır. Final görüşünə qələbə üçün çıxmışdım. Dünya
çempionatının finalını heç vaxt verməzdim. Çox motivasiyalı idim.
Vazzari ilə geri düşməyimə baxmayaraq heç nə hiss etmədim və nə
olursa-olsun udmaq barəsində düşündüm. Elə də oldu və ipponla qalib
gəldim”.
Qeyd edək ki, Hidayət finalda yaponiyalı Tatsuki İşiharaya qalib
gəlib.





























