
Bakı. Trend:
COP29-da 4 prioritet məsələ müzakirə olunacaq.
Trend xəbər
verir ki, bu barədə BMT-nin Azərbaycandakı rezident
əlaqələndiricisi Vladanka Andreyeva ADA Universitetində keçirilən
“İqlim dəyişmələri ilə mübarizənin imkanları və çağırışları. Avropa
və regional perspektivlər” mövzusunda semninarda deyib.
“COP29-da tərəflərin müəyyənləşdirməli və qərar verməli olduğu
dörd mühüm prioritet mövzu var”, – deyə o bildirib.
Onun sözlərinə görə, bu birincisi, bunlar milli səviyyədə
müəyyən edilən töhfələr (NDC), ikincisi, kömür idxalı üzrə saziş,
üçüncüsü, Paris Sazişinin 6-cı maddəsi üzrə razılaşmanın
yekunlaşdırılması üzrə səylərdir.
“Dördüncü sahə ümumi hesabatlılığın, məsuliyyətin və şəffaflığın
vacibliyini vurğulamaqdan ibarət olacaq. Ölkələrin ilk dəfə olaraq
iki ildən bir dərc olunan şəffaflıq hesabatı qəbul edəcəyi
gözlənilir”, – deyə rezident əlaqələndirici əlavə edib.
Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə
Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu
ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar
COP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasında
qəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək
və 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.
BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim
sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci
ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində
imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun
ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir.
Konvensiyanın tərəfləri 198 ölkədir. Əgər tərəflərin fərqli
qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ci
ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində
yerləşir.
(Tərcümə: Rəna Əbdürəhmanova)



























