Advertisement

Ombudsman Səbinə Əliyeva Şimali Kipr Türk Cümhuriyyətində səfərdədir (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili
(Ombudsman) Səbinə Əliyeva Şimali Kipr Türk Cümhuriyyətinin
Ombudsmanı İlkan Varolun dəvəti əsasında bu ölkədə səfərdədir.

Trend xəbər verir ki, səfər çərçivəsində Ombudsman Səbinə
Əliyeva Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ərsin Tatar ilə
görüş keçirib.

Görüş zamanı Müvəkkil insan hüquq və azadlıqlarının müdafiəsi
istiqamətində həyata keçirdiyi fəaliyyəti barədə məlumat verib,
beynəlxalq təşkilatlarla, xarici ölkələrin ombudsman və milli insan
hüquqları institutları təsisatları ilə əlaqələrindən danışıb.

S.Əliyeva Şimali Kiprin Ombudsmanı ilə sıx əməkdaşlıq
əlaqələrinin mövcud olduğunu, hər iki ölkənin vətəndaşlarının
hüquqlarının səmərəli müdafiəsi ilə bağlı birgə fəaliyyətin davam
etdirildiyini bildirib.

Daha sonra Ombudsman Şimali Kipr Türk Cümhuriyyətinin parlament
sədri Zorlu Töre, Baş nazir Ünal Üstel, Baş prokuror Sarper
Altıncık və Vəkillər Kollegiyasının sədri Hasan Esendağlı ilə
görüşlər keçirib.

Görüşlərdə Müvəkkil mandatı barədə məlumat verib, insan hüquq və
azadlıqlarının daha səmərəli müdafiəsi, həmçinin ölkə
qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində müvafiq dövlət
qurumları ilə əməkdaşlıq əlaqələrindən danışıb. Ombudsman
tərəfindən mövcud qanunvericilik aktlarına əlavə və dəyişikliklərin
edilməsi, eləcə də yeni qanun layihələrinin qəbul olunması ilə
bağlı təklif və tövsiyələrin hazırlandığı diqqətə çatdırılıb.

Eyni zamanda, görüşlərdə ölkələr arasında insan hüquq və
azadlıqlarının müdafiəsi istiqamətində əməkdaşlıq məsələləri barədə
fikir mübadilələri aparılıb.

Ombudsman Səbinə Əliyeva, həmçinin Şimali Kipr Türk
Cümhuriyyətinin Ombudsmanı İlkan Varolla görüşüb.

Müvəkkil əvvəlki görüşləri məmnunluqla xatırladaraq, bu cür
görüşlərin əməkdaşlıqla bağlı müzakirələrin aparılmasında mühüm
əhəmiyyətə malik olduğunu vurğulayıb. S.Əliyeva iki ölkənin
Ombudsman təsisatları arasında mövcud əməkdaşlıq əlaqələrindən
məmnunluğunu ifadə edib.

Ombudsman cari ildə ölkəmizin BMT-nin İqlim Dəyişikliyi üzrə
Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası –
COP29-a ev sahibliyi edəcəyini bildirib, Azərbaycanın Ombudsman
təsisatı tərəfindən bu istiqamətdə tədbirlərin nəzərdə tutulduğu
qeyd edilib, bu istiqamətdə mümkün əməkdaşlıq perspektivləri
müzakirə olunub.

Qeyd edək ki, səfər zamanı keçirilmiş görüşlərdə Türkiyə
Respublikasının Baş Ombudsmanı Şərəf Malkoç da iştirak edib.