
Bakı. Trend:
Avropa İttifaqı (Aİ) Qara dənizin dibi ilə elektrik kabelinin
çəkilməsi layihəsinin icrasında maraqlıdır.
Bu barədə bu gün Trend-ə Tbilisidə yerləşən İlia Dövlət Universitetinin
Enerji Tədqiqatları Mərkəzinin rəhbəri, professor Murman
Marqvelaşvili deyib.
“Aİ bu layihədə çox maraqlıdır. Azərbaycan və Gürcüstan “yaşıl”
enerjinin inkişafı üçün yüksək potensiala malikdir. Xüsusən
Azərbaycan Xəzər dənizində külək enerjisi sahəsində yüksək
potensiala malikdir. Gürcüstan hidro enerjinin, eləcə də külək
enerjisinin inkişafı üçün mühüm resurslara malikdir. Bu enerji
Aİ-yə ixrac oluna bilər ki, bu da qazıntı yanacağının istifadəsi
ilə əlaqədar tullantıları kompensasiya etməyə və qazdan asılılığı
azaltmağa imkan verəcək”, – deyə o qeyd edib.
Professor bildirib ki, bu, yetərincə dərin sulardan keçən ən
uzun sualtı kabeldir, beləliklə, bu texniki baxımdan kifayət qədər
mürəkkəb layihədir. Bununla belə, onun sözlərinə görə, kabel ən azı
dörd ölkə – Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya –
tərəfindən böyük dəstək görür.
M.Marqvelaşvili bu kabelin Cənubi Qafqaz və Aİ arasında
bağlantını təmin edəcəyini bildirərək, həmçinin layihənin siyasi
aspektinin vacib olduğunu əlavə edib.
O həmçinin, bunun Azərbaycan və Gürcüstanın enerji sektorunda
mühüm təkmilləşdirmələ tələb edəcəyini bildirib.
Qeyd edək ki, 17 dekabr 2022-ci il tarixində Azərbaycan,
Gürcüstan, Rumıniya və Macarıstan arasında Qafqaz regionundan
Avropaya enerji körpüsünün inşasını nəzərdə tutan saziş imzalanıb.
Əldə olunan saziş çərçivəsində 1195 kilometr uzunluğunda 1000
meqavatt gücündə “Black Sea Energy” sualtı elektrik kabelinin
inşası gözlənilir. Kabel Azərbaycanda istehsal olunan “yaşıl”
elektrik enerjisinin Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniyaya
və daha sonra Macarıstana və Avropanın yerdə qalan hissəsinə nəqli
üçün nəzərdə tutulacaq. Bu, dörd qiqavatta qədər “yaşıl” enerji
tədarükünü təşkil etməyə imkan verəcək.
(Tərcümə: Rəna Əbdürəhmanova)


























