
Bakı. Trend:
Mayın 22-də Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev
ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) Baş
katibinin müavini Naim Çobanın başçılıq etdiyi nümayəndə heyəti ilə
görüşüb.
Parlamentdən Trend-ə verilən
məlumata görə, Fərid Hacıyev iki qardaş ölkənin münasibətlərinin
Ulu Öndər Heydər Əliyevin dediyi kimi, “bir millət, iki dövlət”
şüarına uyğun olaraq inkişaf etməsindən məmnunluqla danışıb.
Aparat rəhbəri ölkələrimizin daim bir-birinə dəstək verdiyini
qeyd edərək, 44 günlük Vətən müharibəsində Azərbaycanın Türkiyənin
mənəvi-siyasi dəstəyinin bir daha şahidi olduğunu bildirib.
Aparat rəhbəri ötən il Türkiyə Böyük Millət Məclisinin Baş
katibi Talip Uzunla görüşünü xatırlayaraq, parlament aparatları
arasında əlaqələrin inkişafının qanunverici orqanların daha
səmərəli əməkdaşlığının qurulmasına öz töhfəsini verəcəyinə inamını
ifadə edib. Fərid Hacıyev Altıncı çağırış Milli Məclisin
formalaşmasından sonra parlamentin sədri Sahibə Qafarovanın
rəhbərliyi ilə Milli Məclisdə aparılmış islahatlar, Aparatın
strukturu və fəaliyyəti barədə məlumat verib.
Ötən il iki ölkənin parlamentləri arasında imzalanmış əməkdaşlıq
haqqında sazişin əhəmiyyətindən danışan Fərid Hacıyev həmin sənəddə
parlament aparatları arasında əməkdaşlığın inkişaf etdirilməsi
məsələlərinin də yer aldığını diqqətə çatdırıb və bu əməkdaşlığın
faydalı olacağına əminliyini bildirib.
Göstərilən doğma münasibətə görə təşəkkürünü bildirən Türkiyə
Böyük Millət Məclisi Baş katibinin müavini Naim Çoban Azərbaycanda
olmaqdan məmnunluğunu ifadə edib. O, iki ölkənin parlament
aparatları arasında əməkdaşlığın vacibliyindən danışıb, qarşılıqlı
təcrübə mübadiləsinin və mütəmadi səfərlərin əhəmiyyətini qeyd
edib. Qonaq Azərbaycanın Türkiyədə baş vermiş güclü zəlzələ zamanı
göstərdiyi yardımın qardaş münasibətinin təzahürü olduğunu diqqətə
çatdırıb.
Söhbət zamanı qanunverici orqanlar arasında əməkdaşlığın
müxtəlif istiqamətləri barədə müzakirələr aparılıb.
Görüşdə Milli Məclis Aparatı rəhbərinin müavinləri Yaşar Əməşov,
Rüstəm Mahmudov və digər rəsmi şəxslər iştirak ediblər.





























