
Lüksemburqun Deputatlar Palatasının sədri Klod Vizler mayın
22-də Ermənistan parlamentinin iclasında qərəzli bəyanatla çıxış
edərək Qarabağdan könüllü çıxan ermənilərin “ürəkağrısı” ilə
“halına yanmış”, Azərbaycanı guya hansısa “itkin düşmüş şəxslərin”
siyahısını təqdim etməyə çağırıb. Qərbi Azərbaycan İcması olaraq
Vizlerin Azərbaycanı “etnik təmizləmədə” günahlandırmağa cəhd edən
və müharibə cinayətlərində, eləcə də insanlıq əleyhinə cinayətlərdə
və terrorçuluqda əli olan şəxslərin “azad edilməsini tələb edən”
bəyanatını rədd edir və kəskin şəkildə qınayırıq.
Trend xəbər verir ki, bu
fikirlər Qərbi Azərbaycan İcmasının bəyanatında yer alıb.
Bəyanatda qeyd olunub ki, əslində etnik təmizləmə siyasətini
həyata keçirən Ermənistandır. Vaxtılə otuz il ərzində Azərbaycan
torpaqlarını işğal altında saxlamış bu ölkə 300 mindən çox
azərbaycanlını 1987-1991-ci illərdə öz ərazisindən zorla çıxarıb.
Birinci Qarabağ müharibəsi zamanı itkin düşən 4 mindən çox
azərbaycanlının taleyinə isə hələ də aydınlıq gətirilməyib.
“Bütün bunlar sübut edir ki, Vizler Azərbaycana qarşı
münasibətində qərəzlidir və ayrı-seçkilik mövqeyi nümayiş etdirir.
Azərbaycan və Ermənistan arasında münasibətlərin
normallaşdırılması, o cümlədən sərhədlərin delimitasiyası
istiqamətində atılan son addımlar müstəvisində regiondan kənar
dövlətlərin bu cür ziyanlı və yersiz müdaxilələri
yolverilməzdir.
İcma Klod Vizleri ədalətli mövqe sərgiləməyə, 300 mindən çox
qərbi azərbaycanlının öz ata-baba yurduna qayıtması ilə bağlı
məsələyə reaksiya verməyə çağırır”, – deyə bəyanatda qeyd
olunub.





























