Advertisement

Dünya Bankı Orta Dəhlizlə bağlı problemlərin həlli üçün fəal işləyir

Bakı. Trend:

Dünya Bankı Orta Dəhlizlə bağlı problemlərin müəyyən edilməsi və
həlli istiqamətində fəal işləyir.

Trend xəbər verir ki, bunu infrastruktur üzrə aparıcı
mütəxəssis, Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə proqramının
rəhbəri Vinni Vanq Vaşinqtonda Xəzər Siyasi Mərkəzinin (CPC)
təşkilatçılığı ilə keçirilən VIII Transxəzər Forumu zamanı
deyib.

“Dünya Bankı Orta Dəhlizlə bağlı həlləri müəyyən etmək üçün bir
sıra regional və qlobal monitorinq alətlərindən istifadə edib. Biz
prioritet investisiyaların dəyərini təqribən 7 milyard dollar
olaraq qiymətləndiririk”, – deyə o bildirib.

O əlavə edib ki, bu yeni dəhlizin inkişafı logistika və siyasət
koordinasiyası tələb edəcək.

“Orta Dəhlizin müəyyənedici xüsusiyyətlərindən biri onun
multimodal xarakteridir. Bu maneə sistemin bütün elementlərindən
istifadə etmək fürsətinə çevrilə bilər”, – deyə Vanq bildirib.

Qeyd edək ki, Orta Dəhliz Çin və Avropa İttifaqı ölkələrinin
dəmir yolu konteyner yükdaşıma şəbəkələrini Mərkəzi Asiya, Türkiyə
və Şərqi Avropa ölkələri vasitəsilə birləşdirir.

Çoxtərəfli multimodal nəqliyyat infrastrukturu Xəzər və Qara
dəniz bərə terminallarını Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan,
Türkiyə, Ukrayna və Polşanın dəmir yolu sistemləri ilə
birləşdirir.

Orta Dəhliz yük axınının Çindən Türkiyə, o cümlədən Avropa
ölkələrinə və əks istiqamətdə artmasına şərait yaradır.

Bu dəhlizlə hərəkət edən marşrut qatarı orta hesabla 20-25 gün
ərzində yükləri Çindən Avropaya çatdırır və bu, qeyd olunan
nəqliyyat dəhlizinin əsas üstünlüklərindən biridir.