Bakı. Trend:
Azərbaycanla Ermənistan arasında bir-birinin suverenliyinə və
ərazi bütövlüyünə hörmət əsasında münasibətlərin normallaşması ilə
bağlı davam edən səylər regionda çoxdan gözlənilən davamlı və
dayanıqlı sülh və sabitliyə ümid yaradır”.
Trend-in məlumatına görə, bu fikirləri Azərbaycanın BMT yanında
daimi nümayəndəsi Yaşar Əliyev BMT Təhlükəsizlik Şurasında “Silahlı
münaqişələr zamanı mülki əhalinin müdafiəsi: Təhlükəsizlik
Şurasının 1265 saylı (1999) qətnaməsinin 25 illiyi” mövzusunda
keçirilmiş açıq debatda çıxışı zamanı deyib. Səfir bildirib ki,
BMT-nin Baş katibi, bir sıra beynəlxalq təşkilatlar və hökumətlər
iki ölkə arasında birbaşa danışıqlar nəticəsində əldə olunmuş son
irəliləyişi alqışlayıb. Lakin, müharibənin nəticələri mülki əhaliyə
təsir etməkdədir: “Azad edilmiş torpaqlarımızda biz dağılmış
şəhərlər, dağıdılmış və murdarlanmış mədəniyyət abidələri, tərk
edilmiş ətraf mühitlə üzləşmişik. Münaqişə həmçinin Azərbaycanı
dünyanın minalarla ən çox çirklənmiş ölkələrindən birinə çevirib.
1,5 milyon mina və naməlum sayda partlayıcı qalıqlar mülki əhali
üçün ciddi risklər yaradır, məcburi köçkünlərin öz torpaqlarına
təhlükəsiz şəkildə qayıtmasına mane olur və orada əsaslı
yenidənqurma və abadlıq işlərini ləngidir”,- deyə Yaşar Əliyev
vurğulayıb.
Diplomat bildirib ki, münaqişənin başa çatmasına baxmayaraq
Ermənistan Azərbaycanı mülki ərazilərdə qəsdən basdırılmış
minalarla bağlı tam və dəqiq informasiya ilə təmin etməyib. Səfir
həmçinin debatların keçirildiyi gün daha bir mülki azərbaycanlının
mina partlayışı nəticəsində həlak olduğunu deyib. Onun sözlərinə
görə, bununla Azərbaycanda müharibə bitdikdən sonra mina
qurbanlarının sayı 360 nəfərə çatıb. Onlardan altmış səkkizi
həyatını itirib.
“Azərbaycanda mina təhlükəsinin miqyası və ağırlığı
minatəmizləmə səylərinə təcili, davamlı və adekvat beynəlxalq
dəstəyi zəruri edir”,- deyə Yaşar Əliyev vurğulayıb.





























