
Bakı. Trend:
Azərbaycan və Serbiya Müdafiə nazirlikləri arasında 2024-cü il
üçün ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, Müdafiə
Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində iki ölkənin
mühəndis təminatı üzrə hərbi ekspertlərinin humanitar mina
təmizləmə mövzusunda işçi görüşü keçirilib.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə
Mühəndis Qoşunları Baş İdarəsinin rəisi general-mayor Anar Kərimov
qonaqlara Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin
Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən
müharibəsində qazanılan qələbədən sonra azad edilmiş ərazilərdə
minaların təmizlənməsi üzrə görülən işlər barədə ətraflı məlumat
verib.
Bildirilib ki, işğaldan azad edilmiş çətin relyefə malik
ərazilərdə xidmətin yüksək səviyyədə təşkili üçün mühəndis təminatı
üzrə zəruri tədbirlər plana uyğun olaraq digər dövlət qurumları ilə
qarşılıqlı əlaqədə davam etdirilir.
Görüşdə, həmçinin minalar, əldəqayırma partlayıcı qurğular və
partlamamış döyüş sursatlarının zərərsizləşdirilməsi üçün hər iki
ölkənin silahlanmasında olan texnika, eləcə də mühəndis
bölmələrinin təchizatı və digər zəruri mövzular barəsində ətraflı
fikir mübadiləsi aparılıb.





























