Bakı. Trend:
“TikTok” sosial şəbəkə hesabında yayılan videogörüntü əsasında
Baş DYP İdarəsinin Yol-Patrul Xidməti Alayında aparılan
araşdırmalarla Salyan rayon sakinləri Anar Hüseynovun “Hyudai”
markalı, Surət Əliyevin isə “VAZ 2107” markalı avtomobillərlə sürət
yarışı təşkil edərək avtoxuliqanlıq əməli törətmələri müəyyən
olunub.
Baş DYP İdarəsindən Trend-ə
verilən xəbərə görə, digər hərəkət iştirakçıları üçün təhlükə
yaratmaqla kobud qayda pozuntularına yol verən hər iki sürücü
barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin
müvafiq maddəsinə əsasən protokollar tərtib edilərək baxılması üçün
aidiyyatı məhkəməyə göndərilib.
Məhkəmənin qərarına əsasən hər iki şəxsin sürücülük hüququ
məhdudlaşdırılmaqla – Anar Hüseynov 15, Surət Əliyev isə 20 gün
müddətinə inzibati qaydada həbs edilib.





























