Bakı. Trend:
Avropa Komissiyasının üzvlərindən biri mənə zəng etmişdi. Həmin
telefon söhbətində o, Slovakiyanın Baş naziri Robert Fitsonun
sui-qəsd faktını misal gətirərək, ehtiyatlı olmağı belə məsləhət
gördü.
Trend gürcü KİV-lərinə
istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli
Kobaxidze bəyan edib.
O bildirib ki, ölkəsində qəbul olunan “xarici təsir” qanununa
görə verilən bu mesajı şəxsən özünə təhdid kimi qiymətləndirir.
“Bu məlumatı xalqla bölüşmək mənim borcumdur. Robert Fitsonun
güllələnməsindən sonra bizə qarşı yönələn təhdid dünyanın son
dərəcə təhlükəli tendensiyalarla qarşılaşdığının bariz nümunəsidir.
Əminəm ki, həmin qüvvələrin Gürcüstanla bağlı planı bu dəfə də
iflasa uğrayacaq. Ölkəmiz mövcud sabitliyi qoruyub saxlaya biləcək
və inkişafa doğru addımlamaqda davam edəcək”, – o əlavə edib.





























