Advertisement

Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşüb

Bakı. Trend:

Martın 14-də Azərbaycan Respublikasının xarici işlər naziri
Ceyhun Bayramov BMT Baş katibinin siyasət üzrə müavini Qay Rayderlə
görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Trend-ə bildirilib ki,
görüşdə Azərbaycan və BMT arasında mövcud əməkdaşlıq gündəliyi,
habelə bu il ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə
Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası
(COP29) çərçivəsində BMT ilə birgə fəaliyyət məsələləri müzakirə
olunub.

BMT-nin Azərbaycandakı fəaliyyətinin əhəmiyyətindən bəhs olunub,
ölkəmizin təşkilat, o cümlədən onun ixtisaslaşmış orqanları ilə
səmərəli əməkdaşlıq həyata keçirdiyi bildirilib.

Azərbaycan və Ermənistan arasında sülh prosesinin cari
vəziyyəti, perspektivləri, regionda mövcud vəziyyət və son
inkişaflar barədə qarşı tərəfə məlumat verilib.

COP29-un ölkəmizdə keçirilməsi münasibətilə təbriklərini
çatdıran baş katibin müavini BMT-nin də bu prosesdə Azərbaycana tam
dəstək verməyə hazır olduğunu bildirib. Bununla yanaşı, BMT Baş
katibi adından bu ilin sentyabr ayında Nyu-Yorkda keçirilməsi
planlaşdırılan “Gələcəyin sammiti” barədə məlumat verib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran regional
məsələlər ətrafında fikir mübadiləsi aparılıb.