Bakı. Trend:
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) COP29-un Azərbaycanda
keçirilməsi ilə əlaqədar ötən 2 gün ərzində 46 ticarət və 75
ictimai iaşə müəssisəsində monitorinq keçirib.
Bu barədə Trend-ə AQTA-dan
məlumat verilib.
Bildirilib ki, monitorinqlər zamanı 42 ticarət və 75 ictimai
iaşə müəssisəsində qida təhlükəsizliyi sahəsində texniki normativ
hüquqi aktların tələblərinin pozulduğu aşkar edilib.
Monitorinqlər zamanı aşkarlanmış nöqsanlara qida təhlükəsizliyi
qeydiyyatının alınmasına dair çıxarışın olmaması,məhsulların
minimum keyfiyyətini və təhlükəsizliyini təsdiq edən müşayiətedici
sənədlərinin mövcud olmaması, izləmə sisteminin (QR kod) tətbiq
olunmaması, mal qonşuluğu prinsipinin pozulması, temperatur
rejiminə riayət olunmaması aid olub. Həmçinin süd məhsullarının
tələblərə uyğun etiketlənməməsi, vitrində yerləşdirilməməsi və
xüsusi işarələrin mövcud olmaması, istifadə müddəti bitmiş,
Azərbaycan dilində markalanması, etiket məlumatları və mənşəyi
məlum olmayan məhsulların mövcud olması, sanitar-gigiyenik və
sanitar-texniki vəziyyətin qənaətbəxş olmaması, mütəmadi olaraq
təmizlik və dezinfeksiya işlərinin aparılmaması, obliqat qrupuna
daxil olan işçilərin ilkin və dövrü tibbi müayinədən keçməməsi və
sanitar geyimlə təmin olunmaması bəlli olub.
Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı məsul
şəxslərə icrası məcburi göstərişlər verilib.





























