Advertisement

Ceyhun Bayramov TBMM-nin komissiya sədrini qəbul etdi

Bakı. Trend:

24 may 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici
işlər naziri Ceyhun Bayramov Türkiyə Böyük Millət Məclisinin Milli
təhsil, mədəniyyət, gənclik və idman komissiyasının sədri Mahmut
Özərin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

XİN-dən Trend-ə verilən
xəbərə görə, görüş zamanı qardaş Azərbaycan və Türkiyə arasında
müttəfiqlik münasibətlərinin ən yüksək səviyyədə olmasından
məmnunluq ifadə edilib, münasibətlərin əsasında xalqları
birləşdirən ortaq dil, tarix, din və milli-mənəvi dəyərlərin
dayandığı vurğulanıb.

Gələcək əməkdaşlıqlara və həmrəyliyə təkan verən, Şuşa
Bəyannaməsi ilə taclandırılan və xalqlarımızı birləşdirən strateji
münasibətlərin Cənubi Qafqaz regionunda dayanıqlı sülh və inkişafın
təmin edilməsində əsas faktor olduğu, Azərbaycan və Türkiyə
əməkdaşlığı nəticəsində regional və qlobal ölçülü layihələrin
həyata keçirildiyi qeyd edilib.

Naziri Ceyhun Bayramov müxtəlif səviyyəli qarşılıqlı səfərlərin
münasibətlərin daha da gücləndirilməsinə töhfə verdiyini
vurğulayıb. O, Azərbaycan Türkiyə əməkdaşlığının dünyada bənzəri
olmayan münasibətlər olduğunu, hər iki ölkə rəhbərinin siyasi
iradəsi nəticəsində hazırda bu əlaqələrin ən yüksək tarixi zirvəyə
çatdığını vurğulayıb.

Türkiyənin hər zaman Azərbaycanın yanında olduğu, bütün
sahələrdə qarşılıqlı dəstək göstərildiyi qeyd edilərək,
Azərbaycanın şanlı qələbəsinin bütün Türk dünyası üçün böyük
əhəmiyyət kəsb etdiyini ifadə edib.

Nazir Ceyhun Bayramov həmçinin təhsil sahəsində iki ölkə
arasında mövcud əməkdaşlığın Azərbaycan-Türkiyə Universitetinin
yaradılması ilə daha da gücləndiriləcəyinə əmin olduğunu qeyd
edib.

Görüşdə yeni əməkdaşlıq istiqamətləri və qarşılıqlı maraq kəsb
edən digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.