
Bakı. Trend:
Mayın 23-də Türkiyənin paytaxtı Ankara şəhərində Türkiyə Barolar
Birliyinin (TBB) və Azərbaycan Respublikasının Vəkillər
Kollegiyasının (ARVK) birgə təşkilatçılığı ilə Türk dünyası
Vəkillər kollegiyalarının zirvə görüşü keçirilib.
Trend xəbər verir ki, toplantıda Türkiyə və Azərbaycanla yanaşı,
Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Şimali Kipr Türk
Cümhuriyyətinin Vəkillər kollegiyalarının rəhbərliyi və nümayəndə
heyətləri iştirak edib.
Görüşün məqsədi Türk dünyası Vəkillər kollegiyalarının
rəhbərləri arasında fikir mübadiləsi aparmaq və mümkün əməkdaşlığın
qiymətləndirilməsi, onun qurulması yollarının müzakirə edilməsindən
ibarət olub.
Mərasimdən əvvəl nümayəndə heyətləri Türkiyə Respublikasının
banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni – Anıtqəbiri
ziyarət ediblər, məzarı önünə əklil qoyublar. Türk dünyasının böyük
oğlunun əziz xatirəsini yad olunub.
Sonra toplantı öz işinə başlayıb, tədbiri giriş sözü ilə açan
TBB-nin başqanı Erinç Sağkan qonaqları salamlayaraq görüşün
əhəmiyyəti barədə məlumat verib, qanunun aliliyinin təmin
edilməsinə, vətəndaşların hüquqlarının qorunmasına mühüm töhfə
verən hüquq sahəsində sıx dialoqun əhəmiyyətini qeyd edib.
ARVK-nın sədri Anar Bağırov çıxış edərək iştirakçıları
salamlayıb, görüşün işinə uğurlar arzulayıb, Türk dünyası Vəkillər
kollegiyalarının vəkilləri arasında sıx əməkdaşlığın, təcrübə
mübadiləsinin, vəkillər üçün beynəlxalq təlimlərin, konfransların
keçirilməsinin vacibliyini vurğulayıb.
Azərbaycan və Türkiyə dostluğundan, qardaşlığından danışan sədr
keçirilən toplantını tarixi gün adlandırıb, gələcəkdə bu mühüm
hadisənin xoş xatirə kimi xatırlanacağını ifadə edib.
Anar Bağırov çıxışının davamında türk dövlətlərinin vəkillərinin
əməkdaşlığı üzrə yeni təşkilatın yaradılmasına ümidvar olduğunu
bildirib və bütün vəkilləri bu təşəbbüsü dəstəkləməyə çağırıb.
Həmçinin mərasimdə Qazaxıstan Milli VK-nın sədri Aidyn
Bikebayev, Qırğızıstan Vəkillər Şurasının sədri Meyil Begilerova,
Şimali Kipr Türk Cümhuriyyətinin VK-nın sədri Hasan Esendağlı,
Özbəkistan VK-nın sədri Shulhrat Sadikov və Türkmənistanın Aşqabad
VK-nın sədri Guncha Garajayeva çıxış edib, görüşün əhəmiyyətindən
danışıblar.
Daha sonra fikir mübadiləsi aparılıb və mümkün əməkdaşlıq
qiymətləndirilib.
Mərasimdə Türk dünyası Vəkillər kollegiyalarının rəhbərləri
niyyət bəyannaməsi imzalayıb. Bəyannamədə türk dövlətlərinin
Vəkillər kollegiyaları birliyinin yaradılması, nizamnaməsinin
hazırlanması, o cümlədən növbəti mərhələlərdə zirvə görüşlərinin
keçirilməsi nəzərdə tutulub.
Görüş çərçivəsində ARVK-nın sədri Anar Bağırov TBB-nin
prezidenti Erinç Sağkanı “Azərbaycan vəkilliyinin 100 illiyi”
yubiley döş nişanı ilə təltif edib. Eyni zamanda Naxçıvan Muxtar
Respublikasının Vəkillər Kollegiyasının sədri Vüsal Həsənov Erinç
Sağkana Naxçıvan MR ilə bağlı xatirə hədiyyəsini təqdim edib və
xatirə şəkili çəkdirilib.
Sonda tədbir iştirakçıları üçün rəsmi ziyafət təşkil edilib.





























