Advertisement

Səhiyyə Nazirliyi Müstəqillik Günü ilə bağlı Şəkidə “İlk tibbi yardım – ikinci həyata addım” adlı fleşmob keçirib

Bakı. Trend:

Səhiyyə Nazirliyi Müstəqillik Günü ilə bağlı Şəkidə “İlk tibbi
yardım – ikinci həyata addım” adlı fleşmob keçirib

Səhiyyə Nazirliyi 28 may – Müstəqillik Günü ilə bağlı Şəki
şəhərində maarifləndirici aksiya və “İlk tibbi yardım – ikinci
həyata addım” adlı fleşmob təşkil edib.

Nazirliyin Şəki Tibb Kolleci ilə birgə keçirilən tədbirin əsas
məqsədi əhali arasında ilk yardım bacarıqlarına yiyələnməsi, eyni
zamanda bu sahədə maarifləndirmə işlərinin aparılmasıdır. Budəfəki
tədbirdə kollecin tələbələri tərəfindən asfiksiya, avtomobil
qəzası, bədbəxt hadisələr və digər fövqəladə hallar zamanı
zərərçəkən və xəsarət alan şəxslərə həkiməqədər ilk tibbi yardım
qaydaları əyani şəkildə nümayiş etdirilib.

Aksiya zamanı arzu edənlərin arterial təzyiqi və nəbzin tezliyi
ölçülüb. Kollecin tələbələri, həmçinin ürəyin qapalı masajı və süni
tənəffüs qaydalarını nümayiş etdiriblər. Sonra aksiya
iştirakçılarına məlumatlandırıcı bukletlər paylanılıb.

Maarifləndirici tədbir şəhər sakinlərinin böyük marağına səbəb
olub.

Daha sonra Şəki Tibb Kollecinin tələbələrinin iştirakı ilə İlk
tibbi yardım – ikinci həyata addım” adlı fleşmob təşkil olunub.
Fleşmobda kollecin tələbələri tərəfindən Müstəqilliyimiz Gününə
həsr olunan “28 May” sözləri vizual olaraq nümayiş etdirilib.

Həmçinin, “İlk tibbi yardımı öyrən – tətbiq et!” adlı viktorina
keçirilib. Sonda qaliblərə müxtəlif hədiyyə və mükafatlar təqdim
olunub.

Tədbir zamanı xeyriyyə məqsədli kampaniya da keçirilib.
Kampaniyada kollec tələbələrinin hazırladığı əl işləri, suvenirlər
və digər məhsulların satışından əldə olunan vəsait Şəki Şəhər
inteqrasiya təlimli internat tipli gimnaziyada təhsil alan uşaqlara
“1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə
hədiyyələrin alınmasına yönləndirilib.

Qeyd edək ki, gələcəkdə Səhiyyə Nazirliyi maarifləndirici aksiya
və fleşmobların respublikanın digər şəhər və rayonlarında da
keçirilməsi planlaşdırır.