Advertisement

Xalq artisti, aktyor Tofiq Mövləvi vəfat edib

Bakı. Trend:

Azərbaycanın teatr ictimaiyyətinə ağır itki üz verib. Uzun illər
Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında
fəaliyyət göstərmiş tanınmış aktyor, Xalq artisti, Prezident
təqaüdçüsü Tofiq Mövləvi 24 may 2024-cü il tarixində, ömrünün 86-cı
ilində vəfat edib.

Bu barədə Trend-ə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Tofiq Mövləvi 1 iyul 1938-ci ildə Naxçıvan şəhərində teatr
aktyoru və rejissoru Səməd Mövləvinin ailəsində dünyaya göz açıb.
Böyüdüyü mühit onu səhnə sənətinə qırılmaz tellərlə bağlayıb. O
hələ Naxçıvan şəhər 1 nömrəli orta məktəbdə təhsil aldığı illərdə
Naxçıvan teatrında kiçik rollar oynayıb. 1954-cü ildən taleyini
Naxçıvan səhnəsinə bağlayıb. 2014-cü ilədək – 60 il burada çalışıb,
Azərbaycan və dünya dramaturqlarının əsərləri əsasında hazırlanan
tamaşalardan 100-dən çox müxtəlif xarakterli obraza həyat verib.
Onun “Qız atası”, “Şeyx Sənan”, “Ana”, “O olmasın, bu olsun”,
“Atabəylər” və başqa əsərlərdə bir-birindən maraqlı rollar oynayıb.
Özünəməxsus ifa manerası, səhnə mədəniyyəti ilə böyük tamaşaçı
sevgisi qazanıb.

Tofiq Mövləvi eyni zamanda Naxçıvan Xalq teatrında “Gənclik”
studiyası yaradıb, həvəskar gəncləri cəlb edərək maraqlı tamaşalar
hazırlayıb. Hazırda muxtar respublikada teatr sahəsində yaxşı
tanınan Xalq artistləri Şirzad Abutalıbov, Kamran Quliyev, Yasəmən
Ramazanova ilk səhnə addımlarını məhz Tofiq Mövləvinin studiyasında
atıblar.

Səhnə fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilən Tofiq
Mövləvi 1974-cü ildə muxtar respublikanın, 1987-ci ildə Azərbaycan
Respublikasının “Əməkdar artist”i, 2008-ci ildə isə “Xalq artisti”
fəxri adlarına layiq görülüb. 2005-ci ildən Prezidentin fərdi
təqaüdçüsü idi.

Mədəniyyət Nazirliyinin kollektivi tanınmış səhnə xadiminin
vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və
yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin.