Advertisement

4 kəndin Azərbaycanına qaytarılması sülhün bərqərar olunması istiqamətində mühüm addımdır – Afət Həsənova

Bakı. Trend:

Azərbaycan Respublikasının Qazax rayonunun 4 kəndinin, Bağanıs
Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5
km2) Azərbaycana qaytarılmasının təmin edilməsi Azərbaycanın
növbəti uğuru və sülhün bərqərar olunması istiqamətində olduqca
mühüm addımdır.

Bunu Trend-ə Milli
Məclisin deputatı Afət Həsənova deyib.

O qeyd edib ki, bir güllə atılmadan, qan tökülmədən Qazax
rayonunun işğal altında olan dörd kəndi geri qaytarıldı.

“Ölkə Prezidenti hələ 2020-ci ildə Vətən müharibəsində əldə
olunan zəfərdən sonra üç rayonun bir güllə atılmadan Azərbaycana
qaytarılmasını təmin etmişdi. Bu, onu göstərir ki, Prezident İlham
Əliyev məsələnin sülh yolu ilə həll edilməsinə üstünlük verir.
2023-cü ilin sentyabr ayında Azərbaycanın Qarabağda suverenliyinin
yekun bərpası, Rusiya sülhməramlı kontingentinin Azərbaycan
ərazilərini tərk etməsi və indi də 4 kəndin qan tökülmədən geri
qaytarılması qeyd edəcəyimiz qələbələr silsiləsindən növbəti
qələbədir”, – deyə deputat bildirib.

O vurğulayıb ki, bu gün regionda baş verən proseslər
Azərbaycanın müəyyən etdiyi sülh gündəliyinə uyğun həyata
keçir.

“Azərbaycanın 44 günıük Vətən müharibəsindən sonra regionda
yaratdığı yeni reallıqlar artıq bütün dünya tərəfindən qəbul
edilir. Bir sıra ölkələr regionda proseslərə müdaxilə etməyə cəhd
etsələr də, Azərbaycanın qətiyyətli və prinsipal mövqeyi
nəticəsində bu cəhdlərin qarşısı alındı və regionda sülhün bərqərar
olması istiqamətində mühüm irəliləyişlərə nail olunub. 4 kəndin
Azərbaycana qaytarılmasının təmin edilməsi sülh quruculuğu
istiqamətində olduqca mühüm addımdır. Azərbaycan hər zaman regionda
sülhün və sabitliyin bərqərar olmasının tərəfdarı olub və bu
istiqamətdə öz üzərinə düşən öhdəliklərini yerinə yetirib.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi
ilə Azərbaycan qarşısına qoyduğu bütün məqsədlərə nail olur”, –
deyə deputat əlavə edib.