Advertisement

“Elektromobillik üzrə Milli Planın hazırlanması” İşçi qrupunun növbəti iclası keçirilib

Bakı. Trend:

“Elektromobillik üzrə Milli Planın hazırlanması” tapşırığının
icrasının təmin edilməsi məqsədilə Energetika Nazirliyinin əmri ilə
yaradılmış işçi qrupunun növbəti iclası keçirilib.

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri
Dövlət Agentliyindən (BOEMDA) Trend-ə verilən məlumata görə, iclası
giriş sözü ilə açan BOEMDA direktoru Cavid Abdullayev Milli Planın
hazırlanmasından irəli gələn tapşırıqlara uyğun olaraq,
elektromobilliyə keçidin sürətləndirilməsinin və normativ hüquqi
bazanın təkmilləşdirilməsinin vacibliyini qeyd edib.

Bildirilib ki, elektrik mühərrikli nəqliyyat vasitələrindən
istifadənin və elektrik enerjisi doldurma məntəqələrinin əhatə
dairəsinin genişləndirilməsi, həmin məntəqələrin yaradılması
işlərinə sahibkarlıq subyektlərinin cəlb edilməsi məqsədilə
normativ hüquqi bazanın təkmilləşdirilməsi üzrə zəruri tədbirlər
davam etdirilir.

BOEMDA-nın Hidrogen və yaşıl texnologiyalar şöbəsinin müdiri
Rəna Hümbətova görülmüş işlər və cari vəziyyət barədə məlumat
verib. Milli Planın hazırlanmasına cəlb olunan “Turan Energy”
şirkəti tərəfindən hazırlanmış normativ hüquqi bazanın
təkmilləşdirilməsinə dair fəaliyyət planı üzrə təkliflər müzakirə
edilib.

Həmçinin ölkə üzrə enerji doldurma infrastrukturuna dair inkişaf
modelləri ilə əlaqədar rəy və təkliflər dinlənilib, eləcə də karbon
vergisi mövzusunda müzakirələr aparılıb.

Qeyd edək ki, iclasda işçi qrupuna daxil olan və digər aidiyyəti
qurumların nümayəndələri iştirak edib.