
Bakı. Trend:
Qida Təhlükəsizliyi Agentliyi respublikada fəaliyyət göstərən
atçılıq təsərrüfatlarında epizootoloji monitorinqlər keçirəcək.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən
Trend-ə verilən məlumata görə, iyunun 3-dən 7-dək keçiriləcək
monitorinqlər zamanı atların xüsusi təhlükəli xəstəliklərə görə
laborator müayinələrin aparılması üçün mövcud olan onlardan
diaqnostik nümunələr götürüləcək, habelə təsərrüfatlar üzrə ümumi
baxış keçirməklə, baytarlıq norma və qaydalarına əməl olunması üçün
məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri görüləcək və
epizootoloji məlumat toplanaraq təhlil ediləcək.
Monitorinqlər çərçivəsində epizootoloji və götürülmüş nümunələr
barədə məlumat “Epicollect 5” proqramına daxil olunacaq.
Monitorinqlərdə Qida Təhlükəsizliyi Agentliyinin, Qida
Təhlükəsizliyi İnstitutunun, Kənd Təsərrüfatı Nazirliyi yanında
Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq
Xidmətləri Mərkəzinin və yerli Heyvan Sağlamlığı və Baytarlıq
Xidmətləri idarələrinin mütəxəssisləri iştirak edəcəklər.
İnstitutun Mərkəzi Baytarlıq Laboratoriyasında götürülmüş
nümunələrin müvafiq müayinələri aparılacaq.
Monitorinqlər barədə məlumat Ümumdünya Heyvan Sağlamlığı
Təşkilatına təqdim olunacaq hesabata əlavə ediləcək.





























