Advertisement

2024-cü ilin dövlət büdcəsində neftin orta illik ixrac qiyməti artırılır

Bakı. Trend:

Dünya neft və qaz bazarlarında mövcud olan münbit qiymət
konyunkturası, cari il üzrə müşahidə olunan tendensiyalar,
vergi-gömrük daxilolmalarının artması, habelə icmal və dövlət
büdcələrinin yenidən baxılma ilə əlavə xərclərinin, öz növbəsində
əlavə gəlirlərin formalaşmasına təsir göstərəcəyini nəzərə
alınmaqla 2024-cü ilin aprel ayında cari il üzrə makroiqtisadi
proqnozlar yenilənib.

Bu barədə Trend-ə Maliyyə Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, Azərbaycan Respublikasının İqtisadiyyat
Nazirliyinin makroiqtisadi proqnozunun baza ssenarisinə
dəyişikliklər edilib, neftin bir barrelinin orta illik ixrac
qiyməti 60,0 ABŞ dollarından 75,0 ABŞ dollarına (ilin ötən dövrü
üzrə faktiki satış qiymətləri və ilin qalan dövrü üzrə 70,0 ABŞ
dolları fərz edilməklə, öncəki proqnoza nəzərən 15,0 ABŞ dolları
çox) yüksəldilib.

2024-cü ildə ÜDM-in 121,3 milyard manata (dövlət büdcəsinin
layihəsinin tərtibi zamanı təqdim edilmiş proqnoza nəzərən 3,0
milyard manat çox), o cümlədən qeyri-neft ÜDM-in 84,7 milyard
manata (dövlət büdcəsinin layihəsinin tərtibi zamanı təqdim edilmiş
proqnoza nəzərən 0,6 milyard manat çox) çatacağı
proqnozlaşdırılır.

Yenilənmiş makroiqtisadi proqnoz, dünya neft bazarlarında münbit
qiymət dinamikası, cari ilin ötən dövründə dövlət büdcəsinin
gəlirlərinin faktiki icra vəziyyəti və dövlət büdcəsində əlavə
fiskal məkandan istifadə imkanları 2024-cü il üzrə gəlir proqnozuna
yenidən baxılması üçün şərait yaradır.

Qeyd edək ki, 2024-cü ilin dövlət və icmal büdcələrinə
dəyişikliklərin edilməsi ilə bağlı qanun layihəsi Milli Məclisə
təqdim olunub.