Advertisement

Nazirlik hava şəraiti ilə bağlı xəbərdarlıq etdi

Bakı. Trend:

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ölkə
ərazisində qeyri-sabit hava şəraitinin yaxın günlər ərzində davam
edərək ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv yağış
yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel və daşqın keçəcəyi,
bir sıra ərazilərdə güclü külək əsəcəyi, şimşək çaxacağı
proqnozlaşdırılır.

Trend xəbər verir ki, bununla
bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, müvafiq
təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.

Belə ki, qeyd olunanları, habelə intensiv yağışların bəzi dağ
çaylarında yarada biləcəyi sel və daşqın təhlükəsini nəzərə alaraq
Fövqəladə Hallar Nazirliyi həmin bölgələrdə yaşayan, habelə
istirahət edən vətəndaşları müvafiq təhlükəsizlik qaydalarına
riayət etməyə çağırır. Belə ki, sel və daşqından qorunmaq üçün sel
və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə
üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə
olunur.

Bundan əlavə, güclü külək zamanı yüngül konstruksiyalı və
müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq,
elektrik dirəyi və naqillərinin, hündür ağacların altında
dayanmamaq tövsiyə olunur. Həmçinin, güclü küləyin baş verən
yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə
alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına
xüsusilə ciddi riayət edilməlidir.

Həmçinin, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik
cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil,
taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti,
ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür
ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer
seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri
qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilir.