Bakı. Trend:
Azərbaycanın Qazax rayonunun Ermənistanın işğalı altında olan 4
kəndinin güc tətbiq edilmədən, hərbi qarşıdurmaya yol verilmədən
geri alınması Ali Baş Komandan, Prezident İlham Əliyevin, siyasi
fəaliyyəti boyu, o cümlədən 44 günlük müharibə dövründə və daha
sonra ölkəmizin milli maraqları ilə bağlı nümayiş etdirdiyi
qətiyyətli mövqeyinin nəticəsidir.
Bunu Trend-ə siyasi şərhçi Elçin Mirzəbəyli
deyib.
Onun sözlərinə görə, dövlətimizin başçısı hələ 2019-cu ilin
fevralında ölkə telekanallarından birinə müsahibəsində sanki bu
günləri ifadə edərək bildimişdi ki, Azərbaycan balanslaşdırılmış,
tarazlaşdırılmış siyasət yürütmür, sadəcə öz milli maraqlarını
qoruyur və mümkün riskləri azaldır.
“Ötən zaman kəsiyi Azərbaycan Prezidentinin iqtibas gətirdiyim
sözlərində yer alan fikir yükünün milli maraqlarımızın qorunması
istiqamətində həyata keçirilən siyasətin – miqyasına görə nəhəng və
çətin bir prosesin mahiyyətini olduqca sadə bir dillə ifadə
edildiyini bir daha təsdiqləyir.
Əgər delimitasiya prosesindən, Azərbaycana məxsus kəndlərin
geriyə qaytarılmasından öncə Cənubi Qafqazda və region ətrafında
cərəyan edən proseslərin alt qatında yer alan, qlobal geosiyasi
qarşıdurma elementlərindən qaynaqlanan siyasi və diplomatik
ziddiyyətləri, bölgədə süni gərginliyin yaradılması cəhdlərinin
arxasında dayanan maraqların dövlətlərarası və beynəlxalq
münasibətlər sisteminin yazılmış və yazılmamamış bütün qaydalarına
meydan oxuyan davranışlarını da nəzərə alsaq, 4 kəndin bir güllə
belə atılmadan geri qaytarılmasının siyasi-diplomatik uğur
baxımından heç də 44 günlük müharibə və lokal antiterror tədbirləri
sayəsində əldə olunan nəticədən az əhəmiyyət kəsb etmədiyini
müəyyənləşdirə bilərik. Şübhəsiz ki, delimitasiya prosesi
nəticəsində əldə olunan nəticə Vətənimizin bütövlüyü uğrunda hələ
2020-ci il sentyabrın 27-dən başlayan müqəddəs yolun davamıdır”, –
o deyib.
E. Mirzəbəyli bildirib ki, son 4 il ərzində torpaqlarımızın
işğaldan azad olunması, suverenliyimizin bərpası, sərhədlərimizin
toxunulmazlığının və təhlükəsizliyinin təmin edilməsi istiqamətində
görülən işlərin, çəkilən zəhmətin, həyata keçirilən siyasətin
miqyası oz qədər böyükdür ki, bəzən nəyin necə baş verdiyini
anlamaq belə kifayət qədər vaxt aparır.
“Ola bilsin ki, əldə olunan hər bir uğurlu nəticədən sonra,
uğura, qələbəyə sevinmək əvəzinə ritorik suallarını sıraya düzən
bəziləri, prosesləri öz “arşınları” ilə dəyərləndirdikləri üçün
nəinki bir, yaxud bir neçə il sonranı, hətta bir neçə saat irəlini
belə görməyi bacarmırlar. Bəlkə də 10-15 il sonra hazırda baş
verənlərin mahiyyətini azacıq da dərk etmək iqtidarında olsunlar,
amma əminəm ki, həmin dövrdə Azərbaycan onların anlaya, təsəvvür
edə biləcəkləri uğur sərhədlərindən on illərlə irəlidə olacaq.
İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildiyi və
Azərbaycanın ərazi bütövlüyü, dövlət müstəqilliyinin əbədiliyi,
dönməzliyi naminə başladılan yolu davam etdirdiyi ilk gündən
torpaqlarımızın bir qarışının belə güzəştə gedilməyəcəyini bəyan
etmişdi və ötən zaman kəsiyində şahidlik etdiyimiz milli qürur
tariximizin hər günü dövlətimizin başçısının andına sədaqət
nümunəsi hesab oluna bilər”, – deyə siyasi şərhçi qeyd edib.





























