Bakı. Trend:
Qlobal münaqişələrin insanların həyatına və ətraf mühitə ağır
zərbə vurmaqda davam etdiyi vaxtda, BMT-nin builki iqlim konfransı
– COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan beynəlxalq
ictimaiyyətin bütün üzvləri arasında körpü rolunu oynamağa, iqlim
maliyyəsi və enerji keçidi kimi əsas məsələlərdə ölkələr arasında
ortaq dil tapmağa, eyni zamanda sülh gündəliyini daha da irəli
aparmağa çalışacaq.
Trend xəbər verir ki, bu
fikirləri Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar
üzrə nümayəndəsi Elçin Əmirbəyov bu ayın əvvəlində Bakıda “NE
Global” nəşrinə müsahibəsində bildirib. O, qeyd edib ki, onun
fəaliyyətinin əsas istiqaməti Ermənistan və Azərbaycan arasında
normallaşmadır və burada COP29 müəyyən rol oynaya bilər.
“Ermənistan və Azərbaycan arasında son vaxtlar etimadın
möhkəmləndirilməsi tədbirlərindən biri də ötən ilin dekabrında
(Dubayda COP28-də) iki ölkə arasında bəzi məhbusların qarşılıqlı
azadlığa buraxılması, həmçinin diplomatik dəstək mübadiləsi ilə
bağlı əldə edilmiş razılaşmadır. Beləliklə, Ermənistan Azərbaycanın
COP29-a ev sahibliyi etmək müraciətinə qoyduğu vetonu ləğv etdi və
biz də qarşılıqlı olaraq Ermənistanın həmin qlobal iqlim
konfransının icraiyyə komitəsinin üzvü olacağına razılaşdıq.
Əlbəttə ki, bu, böyük bir irəliləyiş idi, çünki birbaşa aşağı
səviyyəli təmaslar vasitəsilə biz ilk dəfə olaraq etimadın
möhkəmləndirilməsinə nail olduq və bu, həm də onu göstərdi ki, hər
iki ölkə heç bir üçüncü tərəfin müdaxiləsi olmadan birbaşa,
ikitərəfli təmaslar vasitəsilə öz fikir ayrılıqlarını həll edə
bilər”, – deyə Elçin Əmirbəyov vurğulayıb.
İndi bütün dünyanın diqqətinin COP29-a ev sahibliyi edən Bakıya
yönəldiyi vaxtda Ermənistanın və Azərbaycanın, nəhayət sülh
sazişini imzalamaları üçün gözəl fürsət yarandığını vurğulayan
Azərbaycan prezidentinin xüsusi nümayəndəsi deyib: “Həm İrəvanın,
həm də Bakının bölüşdüyü fikir ondan ibarətdir ki, bu gün daha çox
ümidverici şərait yaranıb”
Elçin Əmirbəyov bildirib: “Sülh sazişi indi gündəmdədir, ona
görə də biz işimizi davam etdiririk. Biz inanırıq ki, bu mətn üzrə
danışıqları hətta COP29-dan əvvəl yekunlaşdırmaq olar. Məncə, bu,
mümkündür. Bu, həm də beynəlxalq aləmə güclü siqnal verərdi ki,
Avropa qitəsində postsovet məkanında ən uzun sürən və faciəli
münaqişələrdən biri başa çatmaq üzrədir, ona görə də mən hesab
edirəm ki, hər iki ölkə və hər iki xalq bu müsbət nəticəyə hazır
olmalıdır”.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev
Bakıda “NE Global”-a müsahibəsində bildirib ki, Azərbaycanın
COP29-a ev sahibliyi etməsi ölkənin xarici siyasəti baxımından
mühüm əhəmiyyət kəsb edir. “Sədrliyimiz münaqişələrin həlli, sülh
və iqlim dəyişikliyi arasındakı əlaqəyə fokuslanacaq” ,- deyə o
qeyd edib.
Fərid Şəfiyev müharibənin fəsadlarına məruz qalan Qarabağ
ərazisində minalarla çirklənmə, meşələrin qırılması və su problemi
məsələlərini diqqətə çatdıraraq deyib: “Biz minalarla çirklənmə
problemi ilə üzləşmişik və bunun da iqlim dəyişikliyi ilə əlaqəsi
var”.
Mayın 1-də Bakıda keçirilən həmin forumun əvvəlində Azərbaycanın
ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş
prezidenti Muxtar Babayev çıxışında bildirib ki, daha yaşıl, daha
dayanıqlı gələcək təkcə ekoloji baxımdan deyil, həm də iqtisadi
imkanlar və iqlim məqsədlərinə çatmaq baxımından da vacibdir.
Elçin Əmirbəyov onu da vurğulayıb ki, Azərbaycan COP29-un
növbəti uğur hekayəsinə çevrilməsi üçün əlavə səylər göstərəcək:
“Həll edilməli olan məsələlərdən biri iqlimin maliyyələşdirilməsi
problemidir və burada əsas rollardan biri həmrəylik və beynəlxalq
birliyin bütün üzvlərinin məsuliyyət ruhunda müxtəlif fikirlər
arasındakı fərqləri aradan qaldırmağa çalışmaqdır. Avropa İttifaqı
artıq ev sahibi ölkə kimi Azərbaycanla sıx qarşılıqlı əlaqədə
olmağa hazır olduğunu və istəyini ifadə edib. Onlar Bakıda
keçiriləcək COP29-un uğurla təşkil olunması üçün ən yüksək
səviyyədə dəstək verəcəklərini vəd ediblər”.
Fərid Şəfiyev öz növbəsində bildirib ki, Azərbaycan COP29-a
sədrliyi zamanı dəstəyə ehtiyacı olan inkişaf etməkdə olan
ölkələrin problemlərini həll etməklə Qlobal Cənubun səsi olmaq
istəyir. “Əhəmiyyət kəsb edən digər bir amil odur ki, biz həqiqətən
yaşıl enerji gündəminin təşviqi ilə məşğul olan neft hasil edən
ölkəyik və biz artıq alternativ enerji layihələrinə başlamışıq” ,-
deyə Fərid Şəfiyev bildirib.
Elçin Əmirbəyov onu da qeyd edib ki, Azərbaycan Günəş və külək
enerjisi baxımından böyük potensiala malikdir: “İmzalanan
müqavilələr artıq yaxın illərdə bərpaolunan enerji və ya yaşıl
enerjinin istehsalını 5 GVt-a çatdıracaq. Xəzər dənizində külək
enerjisi də daxil olmaqla 150 GVt potensial mövcuddur”.
“Biz Qara dənizdə sualtı kabel vasitəsilə elektrik enerjisini
ixrac etməyi planlaşdırırıq. Bu, Azərbaycan, Gürcüstan, Rumıniya,
Bolqarıstan və Macarıstanı birləşdirən bir layihədir. Biz hidrogen
ixracı barədə də düşünürük. Bunlar təkcə Avropaya enerji ixracımızı
şaxələndirən layihələr deyil, həm də ölkə daxilində yaşıl enerjiyə
keçidi təmin edən layihələrdir”, – deyən E.Əmirbəyov əlavə edib:
“COP29 yaşıl enerjiyə doğru irəliləmək və başqalarına nümunə olmaq
üçün yaxşı şansımızın olduğunu nümayiş etdirmək baxımından gözəl
fürsətdir”.





























