Advertisement

17 saylı cəzaçəkmə müəssisəsində Əfv sərəncamı icra olunub (FOTO)

Bakı. Trend:

Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra
şəxslərin əfv olunması haqqında” sərəncamı Ədliyyə Nazirliyi
Penitensiar xidmətin 17 saylı cəzaçəkmə müəssisəsində icra
olunub.

Trend xəbər verir ki, məhbusların cəza çəkdiyi bu cəzaçəkmə
müəssisəsində sərəncam ümumilikdə 9 nəfərə şamil olunub. Onlardan 7
məhkum azadlığa buraxılıb. Azadlığa buraxılanlardan 2 məhkum
Türkiyə, 2 məhkum Əfqanıstan vətəndaşlarıdır.

İki nəfər məhkumun isə cəza müddəti azaldılıb.

Qeyd edək ki, Prezident İlham Əliyev mayın 25-də “Məhkum edilmiş
bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam imzalayıb.

Sərəncama əsasən, ümumilikdə 154 nəfər əfv edilib. Azadlıqdan
məhrumetmə cəzasına məhkum olunmuş 63 nəfər cəzasının çəkilməmiş
hissəsindən azad edilib, 52 nəfərin cəzasının çəkilməmiş hissəsi
yarıyadək azaldılıb.

Azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzasının
çəkilməsi təxirə salınmış 1 nəfər cəzadan azad edilib.

Həmçinin azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 28
nəfər cəzalarının çəkilməmiş hissəsindən azad olunublar.

Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 3 şəxsin
cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb.

Eləcə də islah işləri cəzasına məhkum edilmiş 2 nəfər cəzanın
çəkilməmiş hissəsindən, cərimə cəzasına məhkum edilib, 4 nəfər isə
cəzadan azad edilib.

Həmçinin azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və
cəzasını çəkmiş 1 şəxsin məhkumluğu götürülüb.

Eləcə də sərəncamın şamil olunduğu məhkumlardan 8 əcnəbi
vətəndaş əfv edilib. Əfv edilənlərdən 5-i Əfqanıstan, 2-i Türkiyə,
1-i isə Rusiya vətəndaşıdır.