Advertisement

Parçalanmış dünyanın bərpası üçün ədalətin və beynəlxalq hüququn sözdə deyil, əməldə müdafiəsi əsasdır – Vüqar Rəhimzadə

Bakı. Trend:

Qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya
ictimaiyyətini məlumatlandıran, mühüm beynəlxalq platformaya
çevrilən Qlobal Bakı forumlarına maraq ildən-ilə artmaqdadır. Bu,
tədbirə qatılan qonaqların, eyni zamanda, onların təmsil etdikləri
ölkələrin sayında özünün aydın ifadəsini tapır. Müqayisə üçün qeyd
etmək istəyirdim ki, ötən il martın 9-da “Dünya bu gün: Çağırışlar
və ümidlər” mövzusunda keçirilən X Qlobal Bakı Forumunda ümumilikdə
61 ölkədən 360-dək nümayəndə iştirak etmişdisə, “Parçalanmış
dünyanın bərpası” mövzusuna həsr olunan builki XI Qlobal Bakı
Forumuna bir çox ölkələrin, eləcə də nüfuzlu beynəlxalq
təşkilatların nümayəndələri qatılıblar. Forumda 70-dən artıq
ölkədən 350-dən çox qonaq iştirak edir. Hər bir Qlobal Bakı Forumu
üçün seçilən mövzular həmin dövrün tələblərini özündə ehtiva edir.
Ötən ilin mövzusundan da bəlli olduğu kmi, dövrün çağırışları
aydındır, amma çalışmalıyıq ümidlər yaradaq, gələcəyə-sabaha baxaq.
Bu reallıq beynəlxalq səviyyədə də qeyd edilir ki, Azərbaycan hər
dövrün çağırışlarını yüksək səviyyədə yerinə yetirir. Bu
çağırışlara söykənilərək atılan addımlar düşünülmüş siyasətə
əsaslanır.

Builki Forumda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri
İsmail Serageldin “Parçalanmış dünyanın bərpası” adı altında
görüşün mahiyyətini açıqlayaraq bildirdi ki, dünya həqiqətən
parçalanıb, hər yerdə ciddi çağırışlar var.

Bu fikirləri Trend-ə Yeni
Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi
elmlər doktoru, professor Vüqar Rəhimzadə bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, X Qlobal Bakı Forumundan ötən bir
ildə qət edilən yolun uğurlarını görmək üçün Azərbaycanın həyatında
baş verən yeniliklərə diqqət yetirmək kifayətdir: “Azərbaycan ərazi
bütövlüyünü və suverenliyini tam bərpa etməklə tarixi ədalətin və
beynəlxalq hüququn mövcudluğunu beynəlxalq ictimaiyyətin diqqətinə
çatdırdı. Bir daha sübut etdi ki, buna nail olmaq üçün səylər
göstərilməli, sonadək mübarizə aparılmalıdır. Dövlət başçısı İlham
Əliyev Forumdakı çıxışında bir daha Azərbaycanın son 30 ildə
Qarabağ münaqişəsinin yalnız sülh yolu ilə həll olunmasına səy
göstərdiyini bildirdi. 44 günlük İkinci Qarabağ müharibəsinin, eyni
zamanda, birgünlük antiterror tədbirlərinin qaçılmazlığını
şərtləndirən amillərin hər kəsə bəlli olduğunu vurğuladı. Prezident
İlham Əliyev bu reallıqları diqqətə çatdırdı ki, 2020-ci ilin
sentyabr-noyabr aylarında rəsmi İrəvana dərs vermək məcburiyyətində
olduq. Xarici qüvvələrə güvənərək başqa ölkənin torpaqlarını işğal
altında saxlamaq dövrü artıq bitib. 2020-ci il noyabrın 10-da
Ermənistanın imzalamaq məcburiyyətində qaldığı kapitulyasiya aktına
əsasən onlar o zaman Azərbaycanın nəzarətində olmayan Qarabağın
qalan ərazilərindən işğalçı qüvvələrini çıxarmaq öhdəliyini üzərinə
götürdülər. Lakin 3 il ərzində onlar bunu etmədilər. Onlar nəinki
on beş minlik hərbi kontingentlərini ərazidən çıxarmadılar, əksinə
İkinci Qarabağ müharibəsindən sonra kommunikasiya yolları üzərində
nəzarətimizin olmadığından faydalanaraq silah, mina və sursatları
qaçaqmalçılıq yolu ilə Qarabağa göndərdilər. Lokal antiterror
tədbirləri nəticəsində ərazilərimiz separatçılardan təmizləndi,
suverenliyimiz bərpa olundu”.

YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, tarixi
Zəfərimizdən dərhal sonra Azərbaycan regionda dayanıqlı sülhün və
təhlükəsizliyin yaradılması və Ermənistanla münasibətlərində yeni
səhifənin açılması məqsədilə qarşı tərəfə sülh müqaviləsinin
imzalanmasını təklif etdi.

“Beynəlxalq hüququn 5 əsas prinsipini özündə əks etdirən sülh
təklifini Ermənistanın baş naziri keçirilən müxtəlif səviyyəli
görüşlərdə dəstəklədiyi halda, sonrakı dövrdə havadarlarının
tapşırığına uyğun olaraq qeyri-ciddi bəyanatlar səsləndirməklə sülh
müqaviləsinin imzalanması prosesini bugünədək uzadıb. Ermənistanın
bu kimi addımları atmasında əsas dəstəkçisi Fransadır. Dövlət
başçısı İlham Əliyev Forumdakı nitqində bu məqamlara xüsusi diqqət
yönəltdi. “Burada beynəlxalq reaksiya haqqında danışarkən mən bir
ölkənin mövqeyini təəssüflə qeyd etməliyəm” söyləyən Prezident
İlham Əliyev bildirdi ki, bu mövqe beynəlxalq ictimaiyyətin
yanaşması ilə ziddiyyət təşkil edir. Bu ölkə Fransadır. Fransa
hökumətinin İkinci Qarabağ müharibəsinə və antiterror əməliyyatına
münasibəti tamamilə qeyri-adekvat oldu. Onlar tərəfindən bu
məsələlərin BMT Təhlükəsizlik Şurasına çıxarılmasına və Azərbaycana
qarşı sanksiyaların tətbiq edilməsinə beş dəfə cəhd edilib. Biz
beynəlxalq hüquqa zidd olan addım atmamışıq. Beş cəhdin hər biri
uğursuz oldu, çünki Təhlükəsizlik Şurasının digər üzvləri bunu
dəstəkləmədi. Daha sonra Avropa İttifaqı çərçivəsində Azərbaycana
qarşı sanksiyaların tətbiqinə bir neçə cəhd edildi. Həmin cəhdlər
də uğursuz oldu. Avropa İttifaqı ölkələrinin əksəriyyəti bunu
dəstəkləmədi”, – o deyib.

Vüqar Rəhimzadə vurğulayıb ki, bu kimi tədbirlər
həqiqətlərimizin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında
öz sözünü deyir: “Bakı Qlobal Forumunun iştirakçılarının
təmsilçilik səviyyəsi və intellektual potensialı aparıcı beynəlxalq
konfranslara uyğundur. Dövlət başçısının vurğuladığı kimi, Qlobal
Bakı Forumu Davos Dünya İqtisadi Forumu, Münxen Təhlükəsizlik
Konfransı kimi aparıcı beynəlxalq tədbirlərlə bir cərgədədir.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin potensialı, iştirakçıların
siyahısı baxımından həqiqətən də görürük ki, hər il Bakıda
keçirilən müzakirələr müxtəlif mühüm beynəlxalq məsələləri daha
yaxşı anlamağa imkan verir. Dünya sürətlə dəyişir. Əfsuslar olsun
ki, yeni qeyri-sabitlik və qarşıdurma ocaqları meydana çıxır. Ötən
ilin martında müzakirə edilənlərlə bu gün müzakirə olunanları
müqayisə etsək nəzərəçarpan dəyişiklikləri görərik. Burada
geosiyasi dəyişikliklər baş verir. Ona görə də qlobal əhəmiyyət
kəsb edən məsələlərin həlli üçün bu gün dünyanın həqiqətən də
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərinin və Qlobal Bakı
forumları iştirakçılarının təcrübəsinə, biliyinə, onların dövlət,
hökumət başçıları və xarici işlər nazirləri kimi təcrübəsinə
ehtiyacı var”.

YAP Xətai rayon təşkilatının sədri, həmçinin bildirib ki,
hazırkı dövrdə Azərbaycanın mühüm uğurlarından biri də bu il
COP29-a ev sahibliyi etməsidir: “Dövlət başçısı İlham Əliyev
Forumdakı çıxışında bu məsələyə xüsusi diqqət yönəldərək bildirdi
ki, COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin yaşıl keçidlə bağlı
səylərinin qəbul edilməsidir. COP29 onu nümayiş etdirməyə imkan
verəcəkdir ki, müstəqil yaşayan və heç kəsdən asılı olmayan bir
ölkə uğurla inkişaf edə bilər. Bu, həm də Azərbaycanın son 30 ildə
apardığı düzgün siyasəti nümayiş etdirir”.

Vüqar Rəhimzadə belə bir ümumiləşdirməni aparıb ki, Forumun
mövzusundan da göründüyü kimi, parçalanmış dünyanın bərpası əsas
çağırışlardandır. Bu çağırış səylərin birləşdirilməsini, konkret
addımların atılmasını, ən əsası ədalətin və beynəlxalq hüququn
müdafiəsinin sözdə deyil, əməldə təsdiq olunmasını bir tələb kimi
qarşıya qoyur. Azərbaycan daim birlik, həmrəylik, ədalət,
beynəlxalq hüquq çağırışları ilə dünyanın diqqətindədir.