Advertisement

Əfv sərəncamı Prezident İlham Əliyevin humanist siyasətinin növbəti təzahürüdür – Səttar Möhbalıyev

Bakı. Trend:

Ulu Öndər Heydər Əliyevin dövləti idarəçilik fəlsəfəsinin və
Azərbaycanın inkişaf strategiyasının nüvəsində Azərbaycan
vətəndaşlarının hüquq və azadlıqları dayanır. Ümummilli Liderin və
onun siyasi kursunun davamçısı cənab İlham Əliyevin bütün siyasi
fəaliyyəti yalnız xalqımızın mənafeyinə xidmət edib. Hər iki lider
humanist və nəcib addımları, bağışlamaq qərarları ilə daşıdıqları
vəzifəyə, şəxsiyyətlərinə böyük imic gətirib, xalqımızın dərin
məhəbbətini qazanıblar. Bildiyimiz kimi, Ulu Öndər Heydər Əliyev
xalqımız tərəfindən ikinci dəfə hakimiyyətə gətirilənə qədər
Azərbaycanda ölüm hökmü qalırdı. Məhz Heydər Əliyev gələndən sonra
– 1993-cü ilin iyun ayından buna moratorium qoyuldu və 120-dən
artıq şəxs barəsində olan ölüm hökmü icra edilmədi. O, bu cəzanı
insan ləyaqətinə, insan hüquqlarına zidd hesab edirdi və demokratik
cəmiyyətdə qeyri-insani və amansız tədbir kimi qiymətləndirirdi.
Odur ki, 1998-ci il fevralın 10-da Azərbaycanda ölüm hökmü
bilavasitə Ulu Öndərin təşəbbüsü ilə ləğv edildi. Bununla da
Azərbaycan Şərq aləmində ilk dəfə ölüm cəzasını aradan qaldıran
ölkə oldu. Bu, Azərbaycan vətəndaşına olan hörmət və ehtiramın,
onun yaşamaq hüququnun qorunmasına və müdafiəsinə göstərilən ali
münasibətin təzahürü idi.

Bu fikirləri kütləvi informasiya vasitələrinə
açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının
(AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev
deyib.

Onun sözlərinə görə, Ümummilli Liderimiz ölkə prezidenti olarkən
həm də əfv qərarları ilə minlərlə ailəyə sevinc bəxş edib:

“Belə ki, Heydər Əliyev tərəfindən 1995-2003-cü illərdə 32 əfv
fərmanı imzalanıb, 7 amnistiya aktı qəbul edilib. O, hər bir
Azərbaycan vətəndaşını azad, sərbəst, xoşbəxt görmək istəyirdi. Bu
səbəbdən cinayət törətmiş insanları bağışlamaqla onlara özlərini
təsdiq etmək, cəmiyyətin faydalı üzvlərinə çevrilmək üçün bir daha
şans verirdi. Ulu Öndərin bu sahədə də fəaliyyətinə sadiq qalan
dövlətimizin başçısı cənab İlham Əliyev 2003-2023-cü illər ərzində
37 əfv sərəncamı imzalayıb, eləcə də 5 amnistiya aktı qəbul edilib.
1995-ci ildən bu yana ümumilikdə əfv qərarları ilə 9788 məhkum
bağışlanıb, ailələr sevinib, yaxınlar qovuşub.

Bütün bunlar xalqımızın hər iki dahi oğlunun humanist və
insanpərvərlik duyğularının göstəricisidir. Xatırlatmaq yerinə
düşər ki, Mehriban xanım Əliyeva Milli Məclisin deputatı olarkən
onun təşəbbüsü ilə 2007, 2009, 2013 və 2016-cı illərdə amnistiya
aktları qəbul edilib. Ümumiyyətlə, 1995-ci ildən etibarən qəbul
edilmiş 12 amnistiya aktı təxminən 135 min şəxsə tətbiq edilib, 32
mindən çox məhkum azadlığa çıxıb”.

“Dövlətimizin başçısı cənab İlham Əliyev ədalət və mərhəmət
prinsiplərinə söykənərərək mayın 25-də daha bir əfv sərəncamı
imzaladı. Sərəncamla 154 şəxs nicat tapdı, ailələri sevincə qərq
oldu. İlk növbədə, sərəncamın Müstəqillik Günü ərəfəsində
imzalanması Prezidentimizin Azərbaycanın tarixinə, müstəqilliyinə,
dövlətçiliyinə verdiyi yüksək dəyəri göstərir. Bağışlamağı bacaran,
humanist siyasəti ilə hər zaman nümunə olan İlham Əliyev cənabları
63 məhkumu cəzanın çəkilməmiş hissəsindən azad etdi, 52 məhkumun
isə cəzasının çəkilməmiş hissəsini yarıyadək azaltdı. Eləcə də
cəzasının çəkilməsi təxirə salınmış 1 nəfər cəzadan azad olunub,
azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 28 nəfərin
cəzalarının çəkilməmiş hissəsi bağışlanıb. Habelə azadlığın
məhdudlaşdırılması cəzasına məhkum edilmiş 3 şəxsin cəzasının
çəkilməmiş hissəsi yarıyadək azaldılıb.

Bunlardan başqa, islah işləri cəzasına məhkum edilmiş 2 nəfər
cəzanın çəkilməmiş hissəsindən, cərimə cəzasına məhkum edilmiş 4
nəfər isə cəzadan azad olunub, azadlıqdan məhrum etmə cəzasına
məhkum edilmiş və cəzasını çəkmiş 1 şəxsin məhkumluğu götürülüb.
Ümid edirəm ki, əfv sərəncamından yararlanan şəxslər, o cümlədən
azadlığa qovuşanlar bundan əvvəl etdikləri səhvi bir də
təkrarlamayacaqlar, dövlətimiz, cəmiyyətimiz və ailələri üçün
faydalı olmağı bacaracaqlar.

Onların arasında xeyli gənclər də var. Həmin gənclər
qarşılarında açılan bu şansdan ən yaxşı formada istifadə
etməlidirlər. Dövlətimiz tərəfindən ölkəmizdə gənclərə göstərilən
diqqət, onların hərtərəfli inkişafı üçün yarardılmış şərait göz
qabağıdadır. Azadlığa çıxan gənclər bu fürsətdən yarlanmalı,
həyatlarını və fəaliyyətlərini düzgün istiqamətdə quraraq bir də
qanundan kənara çıxmamalıdırlar”, – Milli Məclisin deputatı
vurğulayıb.