Advertisement

Azərbaycan istehsalı olan minatəmizləmə maşınları əməliyyatlara cəlb edilib

Bakı. Trend:

“İmprotex” Şirkətlər Qrupu tərəfindən “Made in Azerbaijan”
brendi altında istehsal olunan daha 10 ədəd “Revival P” mexaniki
minatəmizləmə maşınları Azərbaycan Respublikasının Minatəmizləmə
Agentliyinə təhvil verilib.

Bu barədə Trend-ə Minatəmizləmə Agentliyindən məlumat
verilib.

Bildirilib ki, beynəlxalq minatəmizləmə standartlarına əsasən
mexaniki minatəmizləmə vasitələri piyada və tank əleyhinə mina
xətlərinin aşkar edilməsi, ərazilərin təmizlənməsi üçün sahələrin
hazırlanması, minaaxtaran itlərin dəstəyi ilə şübhəli-təhlükəli
ərazilərin qısaldılması məqsədilə istifadə edilir:

“Minatəmizləmə metodologiyalarından biri olan mexaniki
minatəmizləmə vasitələri əməliyyatların səmərəli və təhlükəsiz
yerinə yetirilməsi baxımından ən başlıca vasitələrindən
biridir.

“Revival P” piyada əleyhinə mexaniki minatəmizləmə vasitələri 7
kiloqramlıq TNT partlayışlarına qarşı dayanıqlıdır. Texnikanın
toplam çəkisi 6.5 ton, uzaqdan idarəetmə məsafəsi 2000 metrdir.
Təmizləmə dərinliyi 300 mm təşkil edən maşınlarsərt torpaq örtüyü
olan ərazilərdə və böyük meyl bucağı altında rahat idarə edilir.
Müəyyən edilmiş standartlar əsasında mexaniki vasitələrin ön
hissəsində yerləşdirilən toxmaqlar vasitəsilə torpağın döyəclənməsi
çətin ərazi relyefində əməliyyatların aparılmasını təmin edir.
Maşınların uzaqdan idarə olunması heyətin təhlükəsizliyinə zəmanət
verir.

Əldə edilən “Revival P” minatəmizləmə vasitələri ”Böyük Qayıdış”
proqramı çərçivəsində icra edilən bərpa-quruculuq, habelə keçmiş
məcburi köçkünlərin öz doğma yurdlarına təhlükəsiz geri dönüşü
məqsədilə həyata keçirilən humanitar minatəmizləmə fəaliyyətinə
böyük töhfə verəcək”.