Advertisement

“Xudafərin” və “Qız Qalası” hidroqovşaqları Şərqi Zəngəzurun “yaşıl” enerji zonasına çevrilməsinə müsbət təsir edəcək – RƏY

Bakı. Trend:

“Xudafərin” və “Qız Qalası” hidroqovşağı kənd təsərrüfatı
istiqamətli obyektlərdir.

Bunu Trend
açıqlamasında energetika məslələri üzrə ekspert İlham
Şaban
deyib.

O bildirib ki, Azərbaycan və İran tərəfi suvarma üçün bundan
yararlanacaqlar.

“İstifadə olunacaq suyun enerjisindən rasional istifadə
olunacaq. 280 MVt gücündə enerji almaq üçün turbinlərin
quraşdırılması layihələndirilib. Nə istehsal olunacaqsa, iki ölkə
arasında bölünəcək. Azərbaycana çatacaq 140 MVt 300 milyon
kilovat/saat ildə dayanıqlı şəkildə elektrik enerjisi deməkdir. Bu
da az rəqəm deyil.

COP29 başlayana qədər ümumi gücü təqribən 300 MVt-a qədər olan
32 Kiçik Su Elektrik Stansiyası işğaldan azad edilmiş ərazilərdə
istismarda olacaq. Bunlardan 700 milyon kilovatdan çox elektrik
enerjisi alınacaq.

“Xudafərin” və “Qız Qalası”ndan da enerji alınanda artıq bu
rəqəm milyard kilovatt-saat edir. İşğaldan azad edilmiş ərazilərdə
KSES-lərin sayı yaxın illərdə 50-yə çatacaq. Azərbaycan işğaldan
azad edilmiş ərazilərdə “yaşıl” enerji potensialımız artacaq. Həmin
ərazilər hesabına 2 milyard kilovatt-saat “yaşıl enerji”yə malik
olacaq”.

İqtisadçı Eyyub Kərimli bildirib ki, iki
hidroqovşağın tikintisinin təkcə bölgənin deyil, həm də Azərbaycan
və İranın regional iqtisadi inkişafına müsbət təsirləri olacaq.

“Bu, Şərqi Zəngəzur, Naxçıvan iqtisadi rayonlarının inkişafına,
enerji mübadiləsinə müsbət təsir göstərəcək. Hidroqovşaqların
istifadəyə verilməsinin bölgənin iqtisadi potensialının artmasına,
kənd təsərrüfatının, sahibkarlıq fəaliyyətinin böyüməsinə mühüm
təsirləri olacaq. Həmin ərazilərdə 252 min ha-ya yaxın əkinə
yararlı torpaq var. Bu da həmin torpaqların suvarma sisteminin
imkanlarını genişləndirəcək.

Bölgədə Azərbaycan-İran iqtisadi əlaqələrinin
genişləndirilməsinə müsbət təsir edəcək. Hidroqovşaqların olması
Şərqi Zəngəzurun “yaşıl” enerji zonasına çevrilməsinə də təsir
edəcək. Belə ki, deyilən rəqəmlərə əsasən, hidroqovşaqların
fəaliyyəti 80 milyon kubmetr qazın yanmasına qənaət edəcək. Bu da
ətraf mühitin qorunması və ölkəmizin hədəflədiyi “yaşıl” həyat
strategiyasına uyğundur”, – deyə o qeyd edib.