
Bakı. Trend:
Azərbaycanın qarşısında enerji keçidi sahəsində ambisiyalı
məqsəd və vəzifələr dayanır.
Trend xəbər
verir ki, bu barədə energetika nazirinin müavini Samir Vəliyev
Bakıda keçirilən “Yaşıl artım gündəliyində təhsil” mövzusunda
konfransda çıxışı zamanı deyib.
“Azərbaycanın qarşısında enerji keçidi sahəsində, həqiqətən.
ambisiyalı məqsəd və vəzifələr dayanır. Azərbaycan tarixən zəngin
ehtiyatlara malik neft-qaz ölkəsi olub və bunları uğurla ixrac
edir. Beynəlxalq arenada Azərbaycan iqlim dəyişmələri ilə mübarizə
və atmosferə tullantıların azaldılmasında fəal iştirak edir. Bu
kontekstdə ölkə daha dayanıqlı inkişafa keçid üçün könüllü olaraq
öz qarşısında məqsədlər qoyub “yaşıl günlər” müəyyən edib”, – deyə
o bildirib.
Nazir müavini qeyd edib ki, hazırda 1870 meqavatta “yaşıl”
enerji mənbələri ilə əlaqəli layihələrin icrası və 2027-ci ilədək
enerji sisteminə inteqrasiyası nəzərdən keçirilir.
“Paralel olaraq, bizim dənizdə külək enerjisi üçün böyük
potensialımız var və əldə olunan enerjini Avropa ölkələrinə ixrac
etməyi planlaşdırırıq. Yaxın gələcəkdə “ACWA Power” şirkəti 240
meqavatt gücündə külək elektrik stansiyası layihəsini [300 mln. ABŞ
dolları dəyərində Xızı-Abşeron] həyata keçirməyi planlaşdırır.
“Masdar” şirkəti artıq 2023-cü ilin oktyabr ayından fəaliyyət
göstərən 230 meqavatt gücündə günəş elektrik stansiyası (GES) inşa
edib və yaxın gələcəkdə ümumi gücü 1000 meqavatt (yaxud 1 qiqavatt)
olan üç bərpa olunan enerji mənbəyi (BEM) obyektinin təməlinin
qoyulması planlaşdırılır”, – deyə o əlavə edib.
Qeyd edək ki, 2006-cı ildə əsası qoyulmuş “Masdar” şirkəti
40-dan çox ölkədə ümumi qoyuluş gücü 20 qiqavattdan çox olan
layihələr icra edib.
(Tərcümə: Rəna Əbdürəhmanova)





























