Advertisement

Rəqabət Məcəlləsinin biznes mühitinə təsir imkanlarına dair ictimai müzakirə təşkil olunub

Bakı. Trend:

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına
Nəzarət Dövlət Xidmətinin, Kiçik və Orta Biznesin İnkişafı
Agentliyinin (KOBİA) və Azərbaycan Sahibkarlar (İşəgötürənlər)
Təşkilatları Milli Konfederasiyasının dəstəyi, Agentlik yanında
İctimai Şuranın təşkilatçılığı ilə “Yeni Rəqabət Məcəlləsi: rəqabət
qanunvericiliyində aparılmış dəyişikliklərin biznes mühitinə təsir
imkanları” mövzusunda ictimai müzakirə təşkil olunub.

“Bakı KOB evi”ndə dövlət-sahibkar əməkdaşlığı çərçivəsində
keçirilən tədbirdə müvafiq dövlət qurumlarının nümayəndələri və
80-ə yaxın biznes subyekti iştirak edib.

KOBİA yanında İctimai Şuranın sədri Fərhad Qaraşov tədbirin bu
ilin 1 iyul tarixindən etibarən qüvvəyə minəcək Rəqabət Məcəlləsi
barədə sahibkarların məlumatlandırılması və suallarının
cavablandırılması məqsədilə təşkil edildiyini qeyd edib.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi
Məmməd Abbasbəyli qabaqcıl beynəlxalq təcrübə əsasında hazırlanan
Rəqabət Məcəlləsi, biznes və rəqabət mühitinin davamlı olaraq
yaxşılaşdırılması istiqamətində tətbiq olunan müasir yanaşmalar
barədə məlumat verib. Qeyd edilib ki, yeni iqtisadi və sosial
çağırışlara cavab vermək, dayanıqlı və rəqabətqabiliyyətli iqtisadi
inkişafı təmin etmək, müasir tənzimləmə metodlarını tətbiq etmək
zərurətindən irəli gələrək hazırlanmış Rəqabət Məcəlləsində
sahibkarların sağlam rəqabət şəraitində fəaliyyətinin təmin
edilməsi, kartel tipli əlaqələrin qarşısının alınması, təbii
inhisar subyektlərinin fəaliyyətinə səmərəli nəzarətin təşkil
edilməsi, haqsız rəqabət və hökmran mövqedən sui-istifadə
hallarının aradan qaldırılması ilə bağlı məsələlərə dair tənzimləmə
alətləri təkmilləşdirilib.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Rəqabət
Məcəlləsinin qəbul edilməsini ölkəmizin iqtisadi qanunvericilik
bazasının təkmilləşdirilməsi istiqamətində əldə edilmiş uğurlardan
biri kimi qiymətləndirib. Bildirilib ki, iqtisadiyyatın inkişafında
özəl sektorun artan rolunu nəzərə alaraq Məcəllə azad və sağlam
rəqabət mühitinin təmin edilməsinə, onun prinsiplərinin qorunmasına
və inkişafına öz töhfəsini verəcəkidr. Qarşıdakı dövrdə ölkə üzrə
fəaliyyət göstərən KOB dostu şəbəkəsi vasitəsilə Məcəllənin KOB
subyektlərinə verə biləcəyi faydalara həsr edilmiş maarifləndirmə
görüşləri keçiriləcəkdir.

Tədbir çərçivəsində Rəqabət Məcəlləsinin tətbiqinin praktiki
əsasları izah edilib və tədbir iştirakçılarını maraqlandıran
suallar cavablandırılıb.