
Bakı. Trend:
Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında
uğurlu çıxış edən Azərbaycan gimnastları Vətənə dönüblər.
Trend xəbər verir ki, onları Heydər Əliyev Beynəlxalq
Aeroportunda Azərbaycan Gimnastika Federasiyasının nümayəndələri,
media mənsubları, azarkeşlər və idmançıların yaxınları
qarşılayıblar.
Azərbaycanın gənc fərdi gimnastları Gövhər İbrahimova (halqa),
Şəms Ağahüseynova (lent), İlahə Bahadirova (top), Fidan Qurbanlı
(gürzlər) komanda hesabında, ümumilikdə, 117,400 xalla bürünc medal
sahibi olaraq fəxri kürsünün 3-cü pilləsində qərarlaşıblar.
Kürsünün ilk pilləsində Rumıniya, 2-ci sırada isə İsrail komandası
yer alıb. Bundan başqa İlahə Bahadirova (top) 30,500 xalla 4-cü,
Şəms Ağahüseynova (lent) 28,300 xalla 4-cü, Gövhər İbrahimova
(halqa) 30,400 xalla 5-ci, Fidan Qurbanlı (gürzlər) 28,400 xalla
8-ci sırada yer tutublar.





























