Advertisement

Məqsədimiz Olimpiya Oyunlarına lisenziya qazanmaq idi – Azərbaycan gimnastları (FOTO)

Bakı. Trend:

Bədii gimnastika üzrə Avropa çempionatı yaxşı keçdi, əsas
məqsədimiz Olimpiya Oyunlarına lisenziya qazanmaq idi.

Trend xəbər verir ki, bu barədə Budapeştdə (Macarıstan) bədii
gimnastika üzrə Avropa çempionatından vətənə qayıdan qrup
hərəkətləri üzrə Azərbaycan yığmasının üzvü, gimnast Zeynəb
Gümmətova deyib.

“Biz uğur qazandığımıza, əsas məqsədimizə çatdığımıza görə
şadıq. Qeyd etmək istərdim ki, bu məlumat [Beynəlxalq Gimnastika
Federasiyası tərəfindən] hələ ki, rəsmi şəkildə təsdiqlənməyib,
lakin Avropa çempionatındakı çıxışımız bunu göstərir biz lisenziya
qazandıq. Biz sadəcə bunun rəsmi təsdiqini gözləyirik. Təbii ki,
bu, bizim üçün psixoloji cəhətdən çətin idi, çünki Olimpiya
Oyunlarına yalnız bir kvota qalmışdı. Proqramlar çərçivəsində
Azərbaycanı Olimpiya Oyunlarında layiqincə təmsil etməyə
çalışacağıq”, – deyə Zeynəb Gümmətova bildirib.

Komandanın üzvü, idmançı Güllü Ağalarzadənin sözlərinə görə,
bədii gimnastikada rəqabət artır və bu, bu idman növünün
inkişafından xəbər verir.

“Rəqabət bizi qorxutmur, əksinə, daha da gücləndirir. Hesab
edirəm ki, komandamız Avropa çempionatında yaxşı nəticə göstərdi.
Komandamızın bütün üzvləri adından Azərbaycan Gimnastika
Federasiyasına, məşqçilərimizə, bizə dəstək olan hər kəsə
minnətdarlığımı bildirirəm”, – deyə Ağalarzadə əlavə edib.

Qeyd edək ki, qrup hərəkətləri üzrə Azərbaycan komandası mayın
22-26-da Budapeştdə (Macarıstan) keçirilən bədii gimnastika üzrə
Avropa çempionatında uğurla çıxış edərək Olimpiya Oyunlarına
lisenziya qazanıb.

Komanda Ləman Əlimuradova, Zeynəb Hümmətova, Kamilla Əliyeva,
Darya Sorokina, Güllü Ağalarzadə və Yelizaveta Luzandan
ibarətdir.