Bakı. Trend:
Londonda nəşr olunan “Diplomat” jurnalında Azərbaycanın Böyük
Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfiri Elin
Süleymanovun 28 May – Müstəqillik Günü münasibətilə məqaləsi dərc
edilib.
Trend xəbər verir ki, məqalədə Azərbaycan Demokratik
Respublikasının və onun hüquqi varisi olan Azərbaycan
Respublikasının əldə etdiyi nailiyyətlər barədə məlumat verilib.
Müstəqilliyinin 106-cı ilində Azərbaycan beynəlxalq birliyin
məsuliyyətli üzvü olaraq qlobal sülhün və təhlükəsizliyin təmin
olunmasına fəal töhfə verməsi vurğulanıb.
Bu il Azərbaycanın COP29 konfransına sədrlik etməsilə bağlı
qarşıya qoyulmuş hədəflər barədə məlumat verilib. Milli və
beynəlxalq səviyyədə Azərbaycanın iqlim dəyişikliyi fəaliyyətinə
dəstək nümayiş etdirmək məqsədilə Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin 2024-cü ili “Yaşıl Dünya naminə
Həmrəylik İli” elan etdiyi vurğulanıb. Yaşıl enerjiyə keçidlə bağlı
regionda lider olan Azərbaycanın 2050-ci ilə qədər Qarabağ və Şərqi
Zəngəzur İqtisadi Zonalarını və Naxçıvan Muxtar Respublikasını
xalis sıfır emissiya zonalarına çevirməyi planlaşdırdığı
bildirilib.
Məqalədə həmçinin bildirilib ki, hazırda Azərbaycan və
Ermənistan sülhə həmişəkindən daha yaxındır və 30 illik şiddətli
münaqişədən sonra regionda qarşıdurma səhifəsini çevirmək və
davamlı sülh üçün çalışmağın zamanıdır.
Səfir məqaləsində etibarlı tərəfdaşlar olan Azərbaycan və Böyük
Britaniya arasında ikitərəfli münasibətlərin hər gün daha da
gücləndiyini qeyd edib. İqlim dəyişikliyi ilə bağlı öz zəngin
təcrübəsini Azərbaycanla bölüşməyə hazır olduğu üçün Britaniya
tərəfinə təşəkkür ifadə olunub. Öz növbəsində Azərbaycanın bütün
tərəfdaşlarla, o cümlədən Böyük Britaniya ilə iqlim fəaliyyətini
qarşılıqlı şəkildə gücləndirmək və bu ilin sonunda COP29
konfransını uğurla keçirmək üçün əməkdaşlığa hazır olduğu diqqətə
çatdırılıb.





























