Advertisement

Türkiyə XİN Azərbaycanın Müstəqillik Günü münasibətilə paylaşım edib

Bakı. Trend:

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan xalqını 28 May –
Müstəqillik Günü münasibətilə təbrik edib.

Trend xəbər
verir ki, bu barədə nazirliyin “X” sosial media hesabında qeyd
edilib.

“Əziz Azərbaycan, Müstəqillik Gününüz mübarək! Xoşbəxtliyi
xoşbəxtliyimiz, kədəri kədərimiz olan azərbaycanlı qardaşlarımızın
qürurunu və coşğusunu ürəkdən bölüşürük”, – paylaşımda qeyd
edilib.

Qeyd edək ki, bu gün Azərbaycanda 28 May – Müstəqillik Günü qeyd
edilir.

1917-ci ildə Rusiyada baş vermiş inqilab nəticəsində Romanovlar
sülaləsinə son qoyuldu. Nəticədə Rus İmperiyası dağıldı. Xalqlar öz
müqəddəratlarını özləri həll etməli oldular. Bu imkandan istifadə
edərək 1918-ci il mayın 28-də Azərbaycanın milli qayəli, milli
təfəkkürlü övladları Azərbaycan Xalq Cümhuriyyətini elan
etdilər.

Azərbaycan Xalq Cümhuriyyəti təkcə Azərbaycanda deyil, bütün
Şərqdə ilk demokratik respublika idi. Bu, respublika parlamentli
dövlət idi. Onun dövlət atributları – bayrağı, himni, gerbi qəbul
edildi. Üçrəngli bayraqda türkçülük, islamçılıq və avropalaşmaq bir
vəhdətdə idi. Ancaq Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşaya
bildi. 1920-ci il aprelin 28-də bolşeviklərin 11-ci ordusu
Azərbaycanı işğal etdi və respublika süquta uğradı.