Advertisement

Azərbaycan bu gün Cənubi Qafqazda sülhün əsas qarantıdır – Kamaləddin Qafarov

Bakı. Trend:

Ölkəmiz Şərqin ilk demokratik dövləti olan Azərbaycan Xalq
Cümhuriyyəti (AXC) yaranmasının 106-cı ildönümünü qeyd edir.
1918-ci il may ayının 28-də istiqlaliyyətini elan edən Cümhuriyyət
şanlı dövlətçilik tariximizi müstəsna dərəcədə zənginləşdirmişdir.
Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, milli dövlətçiliyin
bərpası, Azərbaycanın müstəqilliyi uğrunda mübarizənin başlanması
düşmənlərin planlarını pozmuş oldu. May ayının 28-də Azərbaycan
Xalq Cümhuriyyətinin qəbul etdiyi Konstitusiya aktı statusuna malik
olan ilk hüquqi sənəd – İstiqlal Bəyannaməsində müstəqil Azərbaycan
dövlətinin yarandığı bəyan olundu, onun hakimiyyətinin şamil
edildiyi ərazinin hüdudları müəyyənləşdirildi və dövlətin əsas
fəaliyyət prinsipləri öz əksini tapdı.

Bu sözləri AXC-nin yaranmasının 106-cı ildönümü münasibətilə
Trend-ə verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin
Qafarov deyib.

Deputat xüsusi olaraq vurğulayıb ki, Cümhuriyyətin
yaradıcılarına ən böyük dəyəri məhz Ümummilli Lider Heydər Əliyev
vermişdir: “ Ulu Öndər keçən əsrin sonlarında dövlət müstəqilliyini
bərpa edən Azərbaycan Respublikasının Xalq Cümhuriyyətinin siyasi
və mənəvi varisi olduğunu bəyan etmişdir. AXC-nin öz istiqlalını
dünyaya yaydığı 28 May günü də ölkəmizdə Respublika günü kimi hər
il təntənə ilə qeyd edilir. Dünya azərbaycanlılarının Ümummilli
Lideri Heydər Əliyev çoxəsrlik dövlətçilik tariximizdə mühüm yeri
olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarını, Cümhuriyyətin
xidmətlərini hər zaman yüksək qiymətləndirmiş, Cümhuriyyət
ənənələrinin yaşadılmasına və inkişaf etdirilməsinə daim böyük
əhəmiyyət vermişdir. Xalq Cümhuriyyətinin yaranmasının 80 illiyi də
məhz Ulu Öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi
ilə ilk dəfə olaraq 1998-ci ildə dövlət səviyyəsində geniş qeyd
olunmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti özünün fəaliyyəti dövründə
düzgün siyasət apararaq bütün dövlətlərlə qarşılıqlı əməkdaşlıq
əlaqələri yaratmağa və bir-birinin hüquqlarına hörmət prinsipləri
əsasında münasibətlər qurmağa cəhd göstərmişdir. Məhz bunun
nəticəsi olaraq, Xalq Cümhuriyyəti dünya birliyi tərəfindən
tanınmış və Azərbaycanın beynəlxalq hüququn subyekti olması 1920-ci
ilin aprel ayındakı bolşevik işğalından sonra ölkəmizin bir dövlət
kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını
almışdı.”

K.Qafarovun fikrincə, təəssüf ki, ötən əsrin sonlarında öz
müstəqilliyini ikinci dəfə bəyan edən Azərbaycan Respublikası da
1993-cü ildə AXC-nin faciəli taleyini yaşamağın bir addımlığında
idi. “Lakin bu dəfə xalqın təkidli tələbi ilə ölkənin hakimiyyət
sükanı arxasına keçən Ulu Öndər Heydər Əliyevin xilaskar missiyası
bu fəlakətin qarşısını aldı. Xalq Cümhuriyyətinin ənənələrinə
sadiqlik nümayiş etdirən Ümummilli Lider Heydər Əliyev hələ 1990-cı
ildə ilk dəfə Naxçıvanda Cümhuriyyətin üçrəngli bayrağını Muxtar
Respublikanın dövlət bayrağı kimi qəbul etdi və bu, müstəqilliyə
gedən yolda atılmış ilk önəmli addım oldu. Ulu Öndər Xalq
Cümhuriyyəti dövründə təməli qoyulmuş müstəqil Azərbaycan ideyasını
gerçəkləşdirdi, müstəqilliyimizi dönməz və əbədi etdi. Beləliklə,
Ümummilli Lider Heydər Əliyevin misilsiz fəaliyyəti nəticəsində
Azərbaycan milli dövlətçiliyi yenidən süquta uğramaq təhlükəsindən
xilas oldu. Bu gün isə Azərbaycanda Heydər Əliyev siyasi kursunu
uğurla inkişaf etdirən Ölkə Prezidenti cənab İlham Əliyev son 21
ildə respublikamızın dünyada iqtisadi və maliyyə böhranlarının, bir
çox təhlükələrin hökm sürməsinə baxmayaraq, sabit və təhlükəsiz
şəraitdə sosial-iqtisadi inkişafını təmin etmiş, beynəlxalq
mövqeylərinin getdikcə möhkəmlənməsinə nail olmuşdur. Cənab
Prezident İlham Əliyevin həyata keçirdiyi enerji siyasəti və
müstəqil xarici siyasət kursunun nəticəsi olaraq, Azərbaycan bu gün
Avropa Birliyinə üzv dövlətlər üçün ən arzuolunan strateji tərəfdaş
ölkələrdən birinə çevrilib. 2003-cü ildən bu günədək əldə olunmuş
böyük uğurların, möhtəşəm nailiyyətlərin pik nöqtəsi Azərbaycanın
2020-ci ildə apardığı 44 günlük Vətən müharibəsində əldə etdiyi
tarixi Zəfərimiz və keçən ilin sentyabr ayında ölkənin ərazi
bütövlüyünün və suverenliyinin tam bərpası oldu. Bu gün Azərbaycan
artıq sadəcə özünün deyil, eləcə də bütün Cənubi Qafqaz regionunun
təhlükəsizliyinin qarantı kimi çıxış edir və bölgədə dayanıqlı
sülhün təmin olunması üçün bütün zəruri addımları atır” .